"Bütün vətəndaşlarımız, məcburi köçkün olan soydaşlarımız öz torpaqlarına qayıdacaq və əvvəlki kimi o torpaqlarda şadyanalıq görəcəyik."

Bu sözləri  Unikal.org-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Millət vəkili qeyd edib ki, 80-ci illərin sonunda Ermənistan SSRİ-də yaşayan yarım milyondan çox azərbaycanlı öz torpaqlarını məcburən tərk etməli olub: "Onların hər biri öz evlərinin sadəcə qapısını qıfılladılar və çoxları heç əşya götürə bilmədən o torpaqları tərk etdilər. Daha sonra 90-cı illərin əvvəllərində çox təəssüflər olsun ki, Azərbaycan ərazilərinin böyük bir hissəsi - 20%-ə qədəri işğal olundu. Həmin dövrdə də Qarabağ və ətraf rayonlarda yaşayan soydaşlarımız, Azərbaycan vətəndaşları təəssüf ki, erməni təcavüzü ilə qarşılaşdılar. Onlar da öz evlərini qoyaraq, Azərbaycanın digər şəhər və rayonlarına gəldilər. Evlərindən heç nə götürə bilmədilər, bəzilərinin hətta ayaqqabısı olmadan, qışın soyuğunda isti geyimləri olmadan çox çətinliklə, əziyyətlə kilometrlərlə yolu piyada gəlməli oldular. O torpaqları tərk etməli oldular. Təəssüflər olsun ki, bir qismi də ya yolda həlak oldu, ya yaralandı, ya da daha sonra bu hadisələrə görə müxtəlif xəstəliklər taparaq dünyadan köçdülər. Biz bu acı və əziyyətləri yaşadıq. Xüsusilə, Kəlbəcərdən bizim məcburi köçkünlərin o torpaqları tərk etməsi videolarını izləyəndə görürük ki, orada bizim vətəndaşlara qarşı qəsdən müxtəlif terror aktları da törədilmişdi. Vertolyotla insanlarımızın daşınması zamanı ona atəş açılmışdı, hətta onların bir qismi əsir götürülmüşdü. Bir sözlə, bizim soydaşlarımız çox acı çəkmişdilər."

Millət vəkili ermənilərin Azərbaycana təhvil verməyə hazırlaşdığı bölgələrdə törətdiyi əməllərdən də danışıb: "Ancaq hal-hazırda bilirsiniz ki, əldə olunmuş razılaşmaya əsasən, Azərbaycanın şərəfli zəfərindən sonra ermənilər qrafikə uyğun şəkildə Kəlbəcər, Laçın və Ağdamı tamamilə tərk edirlər. Kəlbəcərdən bu gün ermənilərin getməsi videolarını izləyirik. Hansı ki, onlar ümumiyyətlə ömür boyu orada yaşamayıblar. Çox təəssüf ki, ermənilər onlara aid olmayan evləri yandırırlar, bizim tarixi, mədəni abidələrimizi məhv edirlər, meşələrimizə ziyan vururlar."
Deputat bildirib ki, son 44 gün ərzində baş verən proseslərdə dünya ictimaiyyəti ermənilərin iç üzünü daha yaxşı gördü: "Onların nəyə qadir olduğunu anladılar. Düşünürəm ki, bizə əsas torpaq lazımdır. Şükürlər olsun ki, Ali Baş Komandanımızın rəhbərliyi altında ordumuz torpaqlarımızı azad edə bildi. Biz bu torpaqlarda daha yaxşı, daha gözəl binalar tikə biləcəyik. Dövlətimizin buna gücü yetir."

Coşqun Əli