Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara müraciət edərək xüsusi karantin rejimi qaydalarına ciddi əməl etməyə çağırıb.
DİN-dən Unikal.org-a daxil olan məlumatda deyilir:
"Xüsusi karantin rejimi qaydalarına zidd olaraq, virusa yoluxan şəxslərə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerlərini tərk etməsi halları müşahidə olunur. Dekabrın 1-də polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublikamızın ayrı-ayrı şəhər və rayonlarında, eləcə də Bakıda 26 aktiv “COVID-19” xəstəsi müəyyən olunaraq saxlanılıb. Onlar əsasən, əhalinin intensiv hərəkət etdiyi, ictimai yerlərdə aşkarlanıblar. Görülən tədbirlərlə müəyyən olunan xəstələrdən 24 nəfəri evə qaytarılıb, 2 nəfər xəstəxanaya yerləşdirilib, 18 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir. Bir daha vətəndaşlarımızı xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməyə çağırırıq".