İsa Qəmbərdən nöqtə
14:09 08-01-2013
CƏMİYYƏT
İsa Qəmbərdən nöqtə
Aydınlıqdan alatoranlığa keçid
Uzun müzakirələrdən sonra Müsavat partiyası , partiyanın başqanı İsa Qəmbəri prezidentliyə namizəd olaraq rəsmən tanıdı. Ümid partiyasının gənclər təşkilatının İqbal Ağazadəni prezidentliyə namizəd olaraq tanımasını istisna etsək Müsavat ilk partiya oldu ki, seçkilərlə bağlı qərarını açıqladı. Müsavat partiyasının bəs bu addımı müxalifət düşərgəsində nələri tarazlayacaq və nələri daha da mürəkkəb duruma salacaq.
Boykotdan imtina
Müsavat partiyasının belə bir addım atması ilk növbədə müxalifət düşərgəsində seçkilərdə iştirakla bağlı müəyyən şübhələrə bir dəfəlik nöqtə qoydu. Belə ki, bəzi müxalif simalar hesab edirdi ki, bu seçkiləri əslində boykot etmək lazımdır və boykot yolunu seçməklə hakimiyyəti çox şeyə güzəştə getməyə məcbur etmək olar. İlk növbədə seçki öncəsi demokratik mühitin yaradılması, Seçki Məcəlləsində dəyişikliklərin edilməsi və nəhayətdə Mərkəzi Seçki Komissiyasının tərkibinin dəyişdirilməsinə nail olmaq asanlaşar. Bu xətt tərəfdarları həm də hesab edirdi ki, boykot yolunu seçməklə beynəlxalq təşkilatların diqqətini cəlb etmək mümkün olacaq və müxalifət bununla manevr imkanları qazanacaq. Məhz belə bir arqumentə görə indiyə qədər AXCP sədri Əli Kərimli seçkilərdə namizəd olaraq tanınmasını ləngidirdi. Çünki hazırkı məqamda boykot taktikası bir sıra qüvvələrin marağına cavab verirdi. Amma Müsavat başqanı İsa Qəmbər belə düşünmədiyini bəyan etmişdi və prezidentliyə namizəd olmaqla boykot taktikasının üzərindən xətt çəkdi. Bundan sonra hətta digər müxaliflər boykot yolunu seçsələr belə bunun heç bir effekti olmayacaq və İsa Qəmbər müxalifətin sosial bazasına yiyələnmiş olacaq. Beynəlxalq təşkilatlara gəldikdə isə onlar Müsavat başqanının seçkilərdə iştirakını əsas gətirərək boykot variantını qəbul etməyəcəklər. Beləliklə aydın olur ki, Müsavat partiyasının bu addımı seçkilərin gələcək gedişatına ciddi təsir edəcək və indidən 2013-cü ildə keçiriləcək seçkiləri baş tutmuş hesab etmək olar.
Seçkilərə start
Digər tərəfdən Müsavat partiyası bir neçə gün öncə Müsavat başqanı İsa Qəmbəri prezidentliyə namizəd göstərməklə əslində seçkilərə indidən start verdi. Çünki ortada namizəd varsa deməli cəmiyyətə çağırışlarda sistemli şəkil alacaq. Bunun müsbət tərəfləri nədən ibarətdir? Müxalif düşərgəsində olan müəyyən qüvvələr var idi ki, onlar hesab edirdi ki, heç bir partiya prezidentliyə namizəd vermir, vahid namizəd məsələsini öz aralarında həll edir və bu zamana qədər seçkiöncəsi durumun şəffaflaşdırılmasına nail olurlar. Amma Müsavat başqanı bu variantı normal variant olaraq qəbul etmədi. Nəyə görə? İddia olundu ki, prezidentliyə namizəd göstərmədən seçkilərin aktiv iştirakçısına çevrilmək sadəcə mümkünsüzdür. Buna görə daha çox vaxt udmaq üçün namizədlər daha tez göstərilməlidir. Əslində burda bir həqiqiətdə var ki, namizədlər nə qədər tez bəlli olarsa mübarizə meydanıda o qədər daha konkret olar və hədəflər müəyyənləşər. Bu baxımdan da Müsavat demək olar ki, digər müxalifət partiyalarını qabaqlaya bildi. Faktiki olaraq hazırda Müsavat seçki peroduna keçid edib və yəqin ki, yaxın vaxtlarda partiyanın qrultayını keçirəndən sonra fəaliyyətini daha da sistemləşdirəcək.
Vahid namizəd
məsələsinə
bir dəfəlik nöqtə
Müsavat başqanının prezidentliyə namizəd göstərilməsi ən mühüm məsələlərdən biri olan vahid namizəd məsələsinə də bir dəfəlik aydınlıq gətirdi.
Hazırda bəzi qüvvələr iddia edir ki, belə tələskənliyə ehtiyac yox idi. Hələ zaman var idi ki, bu zamandan istifadə edərək vahid namizəd məsələsini həll etmək olardı. Amma başqa bir tərəf hesab edir ki, zamanında verilən qərardır və bu qərarla müxalifət düşərgəsində mövqelərin şəffaflanmasına nail olmaq mümkündür.Başqa cür desək İsa Qəmbər kimi digər iddialılarda meydana çıxır və zamanın çoxluğundan istifadə edərək iddialılar vahid namizədi müəyyən edilir.Amma ekspertlər bu variantı artıq mümkünsüz hesab edirlər. Çünki İsa Qəmbər prezidentliyə partiyanın namizədi olduğu kimi, həm də vahid namizəd kimi görünməyə çalışacaq.
İctimai Palata
ölü cana çevrildi
Maraqlıdır, bəs İsa Qəmbər prezidentliyə aday olmasından sonra İctimai Palatanın taleyi necə olacaq? Ekspertlər bu qurumun taleyi ilə bağlı fərqli fikirlər söyləsələrdə əsas görünən budur ki, artıq İctimai Palataya aktiv təşkilat kimi yanaşmaq olmaz. Bu qurumun gələcəyi ilə bağlı isə təxminən belə mövqe hiss olunmaqdadır. Ekspertlər hesab edir ki, İctimai Palata bundan sonrada qala bilər və əsas məqsədi seçkilərdə müxalifət qüvvələrinin bir-birinə rəqib gözü ilə baxmasının qarşısını almağa çalışar. Həqiqətən də belə bir ənənə var ki, əksər seçkilərdə müxalifət üçün öncə rəqib hakimiyyət olursa, seçkilərin sonuna yaxın rəqib elə özləri olur. Adətən bu hal daha çox AXCP ilə Müsavat arasında hiss olunur. İndinin özündə belə iki partiya arasında gərginlik kifayət qədər artıb və sosial şəbəkələrdə bu gərginlik çılpaqlığı ilə hiss olunur. Buna görə İctimai Palatanın qorunub saxlanması mümkün sayıla bilinər və əsas funksiyası məsləhətləşmə klubu kimi ola bilər. Bununla paralel olaraq Müsavat partiyasının seçkilərlə bağlı blok yaradacağıda artıq heç bir şübhə doğurmur.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-27 12:09:12
2024-12-27 12:06:12
2024-12-27 12:04:08
2024-12-27 12:04:00
2024-12-27 12:01:04
2024-12-27 11:54:08
2024-12-27 11:52:19
2024-12-27 11:48:59
2024-12-27 11:46:50
2024-12-27 11:45:35
2024-12-27 11:43:57
2024-12-27 11:43:05
2024-12-27 11:40:35
2024-12-27 11:36:34
2024-12-27 11:34:35
2024-12-27 11:32:47
2024-12-27 11:30:40
2024-12-27 11:24:31