Ermənistan müxalifətinin kütləvi itaətsizliyə hazırlaşdığı bildirilir.
Unikal.org xəbər verir ki, bu barədə "Joğovurd qəzeti" material dərc edib.
Qeyd olunur ki, bu gün saat 12-də müxalifətin Paşinyana istefa verməsi üçün qoyduğu möhlət bitir. Müxalifət qüvvələri Nikol Paşinyanın bu tarixədək istefa verməycəyinə əmindir. Yerevan vaxtı ilə saat 12 tamam olan kimi müxalifət tərəfdarları kütləvi itaətsizliyə başlayacaq. Bütün əsas küçə və prospektlərdə hərəkət iflic olunacaq. Dövlət orqanlarının, hakim partiya təşkilatlarının fəaliyyətinin mümkünsüz olması üçün bütün radikal addımlar atılacaq. Aramsız kütləvi mitinqlər start götürəcək.
Müxalifət bu yolla Paşinyanı istefaya vadar edəcəyini düşünür və istefa baş tutana qədər bu aktlar davam etdiriləcək.