"Bundan sonra hər ilin 8 dekabrı futbolda İrqçiliklə Mübarizə Günü kimi tarixə düşəcək".
Unikal.org xəbər verir ki, bunu Türkiyənin "Başakşehir" klubunun məşqçisi Pyer Vebo Fransada PSJ ilə Çempionlar Liqasının VI tur matçı zamanı baş vermiş qalmaqal barədə BBC-yə açıqlamasında deyib.
38 yaşlı mütəxəssis bildirib ki, rumıniyalı dördüncü hakim Sebastian Koltsesku ona dərisinin rəngi ilə müraciət etdiyi vaxt özünü həm əsəbi, həm də üzgün hiss edib: "O gecə yuxuya gedə bilməyim üçün həkimdən kömək istədim. Olayın ardından karyeramın ən çətin günlərini keçirdim".
Hadisədən sonra hər iki komandanın meydanı tərk etməsinin unudulmayacağını vurğulayan kamerunlu veteran futbolçu "Bundan sonra təqvimdə 8 dekabrdan öncə və sonrakı günlər yer alacaq. Matçı dayandıracaq şəxsin baş hakim deyil, oyunçular olduğunu göstərdik", - söyləyib.
Futbolçu karyerası ərzində Türkiyə klublarından əlavə, İspaniyada "Osasuna" və "Malyorka"nın da formasını geydiyini xatırladan Vebo yalnız irqçilik olayı ilə yadda qalmaq istəmədiyini dilə gətirib. Keçmiş forvard hadisənin baş verdiyi andan ona dəstək olan hər kəsə, o cümlədən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirib:
"Həqiqətən də Ərdoğan belə çətin məqamda məni dəstəkləyən ən görkəmli şəxslərdən biri oldu".
Qeyd edək ki, PSJ - "Başakşehir" oyunu rumıniyalı 4-cü hakim Sebastian Koltsesunun Pyer Veboya qarşı irqçi ifadələr işlətməsi səbəbindən 14-cü dəqiqədə dayandırılıb. Bundan sonra UEFA hakimlər briqadasını dəyişib, Vebonun qırmızı vərəqəsi ləğv edilib və görüş dekabrın 9-da qaldığı yerdən davam etdirilib. Qarşılaşma PSJ-nin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 5:1.