Bu gündən Azərbaycanın bir sıra şəhər və rayonlarına giriş-çıxış dayandırılıb.
Unikal.org xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah dekabrın 8-də qərar imzalayıb.
Qərara əsasən, 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin və Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinə (kənd və qəsəbələr istisna olmaqla) giriş-çıxış dayandırılıb.
2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) hərəkət məhdudiyyəti tətbiq edilib.
Beləliklə, bu gündən qeyd olunan ərazilərdə hərəkət yalnız icazə əsasında mümkün olacaq. Bu müddət ərzində fəaliyyət sahəsinə icazə verilən qurum və təşkilatlarda çalışan şəxslər xidməti vəsiqə əsasında, eyni zamanda “icaze.e-gov.az” portalından icazə alınaraq hərəkət edə biləcəklər. Portaldan icazənin alınması üçün qurum və təşkilatların möhür səlahiyyətli şəxsləri müəyyən edilmiş əməkdaşları barədə məlumatları portala daxil edə bilərlər. Həmçinin vəndaşlar da yaşayış yerini və olduğu yeri tərk etmək üçün 8103 qısa nömrəsinə SMS göndərməlidirlər.