"Crystal Group of Companies" ASC sosial həmrəylik nümayiş etdirərək ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə "YAŞAT" Fonduna pul vəsaiti köçürüb. 

Unikal.org xəbər verir ki, "YAŞAT" Fondu Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 08 dekabr tarixli Fərmanı ilə yaradılan fondun əsas məqsədi Vətən Müharibəsi zamanı yaralanmış hərbi qulluqçuların və şəhidlərin ailələrinin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi, maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsindən ibarətdir. 

Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi ianələr habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.

Hər zaman dövlətimizin sosial yardımlaşma tədbirlərində  fəal iştirak edən "Crystal Group of Companies" ASC  daha öncə Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna pul vəsaiti köçürmüşdü. Şirkətdən bildirilib ki, sosial məsuliyyətdən irəli gələn xoşməramlı  missiyanı yerinə yetirməkdən , yaralanmış hərbi qulluqçuların və şəhidlərin ailələrinin yanında olmaqdan qürur hissi duyurlar.