Nazirlər Kabineti “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpaqları alan orqanın müəyyən edilməsi barədə” qərar qəbul edib.

Unikal.org xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

“Ağcabədi rayonunda yaradılan aqroparkın 850 hektar əkin sahəsinin suvarma suyu ilə təmin edilməsi”, “Yuxarı Şirvan Kanalının yenidən qurulması”, “Saatlı rayonunun əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün Kür çayından əlavə suyun verilməsi”, “Şəki və Oğuz rayonları ərazisində yaradılacaq aqroparkın suvarma suyu ilə təmin edilməsi”, “Yevlax və Goranboy rayonları ərazisində 3120 hektar əkin sahəsi olan təsərrüfatın suvarma suyu ilə təmin edilməsi”, “Göyçay rayonu ərazisində Göyçay çayında baş suqəbuledici qurğunun təmir-bərpası və selə qarşı mühafizə tədbirləri”, “Araz çayının yeni qolu vasitəsi ilə yeni suvarılan torpaqların istifadəyə verilməsi” və digər layihələrin icrası ilə bağlı tikinti altına düşən torpaqların dövlət ehtiyacları üçün alınması nəzərdə tutulur.

Bununla əlaqədar, respublikanın 24 rayonunda hidrotexniki qurğuların, o cümlədən meliorasiya və su təsərrüfatı obyektlərinin tikintisi altına düşən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması məqsədilə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti alan orqan müəyyən edilib.