Dünyada tarix yaradanların sayı çox azdır. Yalnız mənsub olduğu xalqdan güc alanlar tarix yarada bilir. Çünki o tarixin təməlində bütöv bir millətin taleyi, sınanmış rəhbərin qüdrəti və zəkası dayanır. XXI əsr Azərbaycanı da güclü və iradəli rəhbərin xidmətləri sayəsində daha da möhkəmlənir. Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir, onunla hesablaşırlar, ona hörmət və ehtiramla yanaşırlar. Çünki o, QALİB DÖVLƏTin, QALİB XALQın prezidentidir. O, müasir, demokratik, ali qanunvericilik və çox güclü sosial siyasətə malik, iqtisadi cəhətdən inkişaf etmiş və regionda mühüm mövqe tutan ölkənin rəhbəridir. Xalqa xidmət etmək, hər bir azərbaycanlının prezidenti olmaq onun həyat fəlsəfəsidir.

PREZİDENT-ORDU-XALQ BİRLİYİ

44 günlük Vətən müharibəsindəki qələbə Prezident İlham Əliyevin liderlik missiyasının ən parlaq naliyyətidir. Azərbaycan xalqının öz tarixi ərzində qazandığı ən strateji zəfərin əldə olunması üçün insanlar öz Prezidentinin ətrafında sıx birləşdi, bütün dünyaya sübut etdi ki, Qarabağ millətimizin milli ləyaqət rəmzidi. Bu, isə Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət və millət quruculuğunun bəhrəsidir. Çünki Azərbaycan ordusu tarixi ədaləti döyüş meydanında bərpa edərkən həm də xalqdan güc aldı. Prezident-Ordu-Xalq birliyinin ən ali nümayişi olan bu hadisə işğalçını sülhə məcbur etmək, ona layiq olduğu yeri göstərmək üçün əsil ölüm-qalım mübarizəsi idi.

Prezident İlham Əliyev deyir ki, “xalq, millət anlayışları ön planda olanda istənilən problem həllini tapa bilər və bizim siyasətimiz milli maraqlar üzərində qurulub”. Deməli, İlham Əliyevin siyasəti müstəqilliyin möhkəmləndirilməsinə istiqamətlənib və bu gün Azərbaycan müstəqil ölkə kimi dünya miqyasında öz layiqli yerini tutub. Bu, elə bir siyasətdir ki, onun mərkəzində Azərbaycan xalqının maraqları bərqərar olub. 

Prezident İlham Əliyev onu da deyir ki, “Azərbaycan tarixdə heç bu vaxt bu qədər güclü olmayıb”. Bunu şərtləndirən əsas amillər isə Azərbaycan Prezidentinin yürütdüyü siyasətdə görünür. O, siyasi, iqtisadi və digər sahələri əhatə edən islahatlar həyata keçirir, korrupsiya və rüşvətxorluğa qarşı kəskin mübarizə aparır. Bu məsələdə əl-ayağa dolaşanlar, dövlətin adına ləkə salanlar cinayət məsuliyyətinə cəlb olunur. Xalq isə haqlı olaraq öz prezidentini dəstəkləyir, onun siyasətinin cəmiyyətdə vətəndaş həmrəyliyi yaratdığına ürəkdən inanır. Bununla da Prezident İlham Əliyev Azərbaycanda hüquqi dövlət modeli formalaşdırır. Bu prosesə ictimai marağı artırır, insan hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunması ilə bağlı tədbirlər görür. Ölkədə vətəndaş cəmiyyəti institutlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının müstəqilliyinin və maliyyə imkanlarının artırılmasına ciddi əhəmiyyət verilir. İndi Azərbaycanda söz və məlumat azadlığının təmin olunması, demokratik, plüralist mətbuatın formalaşması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Prezident İlham Əliyev medianın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çoxsaylı qərarlar qəbul edib, fərman və sərəncamlar imzalayıb. Dövlət strukturlarının fəaliyyətinin təkmilləşdirilməsini və şəffaflığın artırılmasını hər zaman diqqətdə saxlayan Prezident İlham Əliyevin təşəbbüsü ilə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradılıb. Bununla da vətəndaşlarla dövlət qurumları arasında bürokratik maneələr aradan qaldırılıb. Özündə şəffaflığı, yüksək keyfiyyəti, müasir innovasiyaları cəmləşdirən və beynəlxalq miqyasda Azərbaycan brendi kimi tanınan “Asan xidmət”in fəaliyyəti indi digər ölkələrdə də maraqla qarşılanır, BMT tərəfindən təqdir olunur. Bu baxımdan dövlət başçısının sərəncamı ilə yaradılan və əhalinin məşğulluğu, əmək və sosial müdafiəsi ilə bağlı çevik və innovativ xidmətlər göstərilməsini həyata keçirən DOST Agentliyinin fəaliyyətini də vurğulamaq lazımdır. 

AZƏRBAYCAN GÜCLÜ BEYNƏLXALQ NÜFUZU VAR

Prezident İlham Əliyevin ölkəmizin müstəqillik dayaqlarını möhkəmləndirməklə bağlı fəaliyyəti daha çox özünü yürüdülən xarici siyasətdə göstərir. Artıq dünyada özünün müstəqil siyasəti ilə öyünən ölkəmizin dostlarının sayı çoxalıb, bizimlə müttəfiqlik etmək istəyən ölkələrin sırasına yeniləri əlavə olunub. Bunu sübut edən ən böyük hadisə Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi idi. Bu hadisə Azərbaycanda yürüdülən siyasətə, beynəlxalq birliyin Prezident İlham Əliyevin fəaliyyətinə verdiyi önəmin təzahürünə çevrildi. Bu, dünya ictimaiyyətinin Azərbaycana olan inamını, etimadını göstərdi. İndi Azərbaycan 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik edir. Dövlət başçısı çıxışlarının birində deyib ki, “bu, BMT-dən sonra ən böyük beynəlxalq təsisatdır. BMT-nin rəhbəri yoxdur, amma Qoşulmama Hərəkatının lideri var, bu da Azərbaycandır”. Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq əlaqələri quran Azərbaycanın xarici siyasət kursunun bəhrələrini biz Vətən müharibəsinin gedişində də izlədik. Ermənistanı bütün dünyada işğalçı dövlət kimi tanıdan Prezident İlham Əliyev Qoşulmama Hərəkatına üzv ölkələrdən güclü dəstək aldı, indiyə qədər müxtəlif beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələr münaqişənin nizamlanmasında baza rolunu oynadı, Azərbaycanın ərazi bütövlüyü əsas prinsip kimi qorundu. Bunu Vətən müharibəsinin gedişində Rusiya, İran, Gürcüstan, Türkiyə və digər ölkələrin verdiyi bəyanatlarda da gördük. Bu, irimiqyaslı fəaliyyətin nəticəsi idi. Bu, Azərbaycana artan marağın təzahürü idi. Çünki demək olar ki, hər il ölkəmizdə müxtəlif beynəlxalq tədbirlər keçirilir. Bakı artıq neçə ildir ki, Beynəlxalq Humanitar forumlara, Mədəniyyətlərarası Dialoq Forumuna və digər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir. Amerika və Rusiya baş qərargah rəisləri Bakıda görüşür. Bəs nə üçün bu cür mötəbər tədbirlərin və görüşlərin keçirilməsi üçün təyinat məntəqəsi məhz Bakıdır? Cavab çox sadədir. Çünki heç bir hərbi təşkilatın üzvü olmayan Azərbaycan güclü beynəlxalq nüfuza malikdir. O, bütün qonşuları və müttəfiqləri ilə qarşılıqlı etimad əsasında 
fəaliyyət göstərir. Bütün bunlar isə ölkəmizin sabitləşdirici amil kimi rolunu daha da artırır.

AZƏRBAYCANIN İQTİSADİ GÜCÜ 

Prezident İlham Əliyev Azərbaycanın iqtisadi uğurlarının da təminatçısıdır. Onun strateji enerji siyasəti diplomatik münasibətlərdə mühüm komponenet kimi müəyyənləşib, xarici ölkələrin iqtisadi maraqları milli dövlətçilik mənafelərimizlə tam uzlaşdırılıb. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi ilə tarixi uğura imza atan Azərbaycan Cənub Qaz Dəhlizi, TANAP, TAP kimi iri enerji layihələrini icra edib. Xəzərin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında sazişin müddəti 2050-ci ilə qədər uzadılıb. Deməli, dünyanın nəhəng enerji şirkətləri hələ də Bakı ilə əlaqələrin qurulmasına can atır. Digər tərəfdən ölkə rəhbərliyinin neftdən gələn gəlirləri vətəndaşın sosial-mədəni, iqtisadi, mənəvi və fərdi inkişafına sərf etməyə imkan verən idarəetmə sistemini yaratması yüksək qiymətləndirilməlidir. Bu, onu göstərir ki, qazanılan kapital Azərbaycan vətəndaşının rifahına və ölkənin inkişafına xərclənir. Prezident İlham Əliyev də deyir ki, “gördüyümüz bütün işlərin mahiyyəti və məqsədi ondan ibarətdir ki, daha da güclü dövlət, xalqımız üçün daha da yaxşı şərait yaradaq ki, Azərbaycan xalqı rifah içində, təhlükəsizlik şəraitində yaşasın və inkişaf etsin”. Biz bunu real rəqəmlərdə də görürük. Məsələn, son 17 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artıb. Bu, dünya rekordudur. Məqsədyönlü iqtisadi siyasət nəticəsində ölkədə bazar iqtisadiyyatına keçid prosesi başa çatıb. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və bölgələrin davamlı yüksəlişi məqsədilə regionların sosial-iqtisadi inkişafına dair dörd dövlət proqramı qəbul olunub. Ötən dövrdə ölkədə 2 milyon yeni iş yeri açılıb, işsizlik səviyyəsi 5 faizə, yoxsulluq isə 49 faizdən 5,4 faizə endirilib. Bütün bu uğurlar beynəlxalq təşkilatların və reytinq agenliklərinin diqqətindən yayınmayıb. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan dünyanın 20 ən islahatçı ölkəsindən biri elan edilib. 

Ölkəmizdə əsas kənd təsərrüfatı sahələrinin inkişafı da diqqət mərkəzində saxlanılıb, meliorasiya tədbirlərinə əsaslı kapital qoyuluşunun həcmi artıb, ölkədə 4 iri su anbarı tikilib, min hektarlarla yeni suvarılan torpaq sahəsi əkin dövriyyəsinə daxil edilib. Artıq orbitdə üç peyki olan Azərbaycan dünya kosmos klubunun fəal üzvüdür. Ölkədə ümumi generasiya gücü 2500 MVt olan 30-dan çox elektrik stansiyası tikilib. ölkə üzrə qazlaşdırmanın səviyyəsi 95 faizə yüksəlib. Azərbaycan “Şimal-Cənub”, “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm komponentinə çevrilib, ölkəmiz beynəlxalq tranzit məkanı statusu qazanıb. Ölkədə nəqliyyat sisteminin inkişafına əsaslı sərmayələr yatırılıb, dəniz donanması da yenilənib, Bakını Xəzər hövzəsində müasir logistika və nəqliyyat mərkəzinə çevirməyə, Xəzəryanı ölkələr arasındakı əməkdaşlığı dərinləşdirməyə imkan verən beynəlxalq dəniz ticarət limanı kompleksi tikilib. Bakıda müasir Gəmiqayırma Zavodu işə düşüb. Bakı da daxil olmaqla bölgələrdə 7 beynəlxalq aeraport istismara verilib. Müstəqillik dövrünün ən böyük layihələrindən biri, region ölkələrinin inkişafında mühüm rol oynayan Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara buraxılıb. Ölkəmizin sosial-mədəni və təsərrüfat infrastrukturu tamamilə yenilənib. 3 mindən çox məktəb, 600-dən çox tibb müəssisəsi tikilib, pandemiya dövrünün tələblərinə uyğun olaraq yeni modul tipli xəstəxanalar istifadəyə verilib. Sosial siyasətə böyük diqqət ayıran Prezident İlham Əliyev 300 mindən çox qaçqın və məcburi köçkünün mənzil-məişət şəraitini yaxşılaşdırıb, bu məqsədlə 100-dən çox qəsəbə salınıb. Şəhid ailələrinin, müharibə veteranlarının sosial problemlərinin həllini dövlət hər zaman diqqət mərkəzində saxlayıb. 

GÜCLÜ ORDU MODELİ BİR SİSTEM OLARAQ QALİB GƏLDİ

Güclü iqtisadiyyat digər sahələrin də inkişafında lokomotiv rolunu oynadı. Azərbaycanın dövlət büdcəsində Silahlı Qüvvələrə ayrılan vəsait birinci yerdə qərarlaşdı. Bu isə həm ordunun maddi-texniki bazasının  möhkəmləndirilməsi, digər tərəfdən də güclü hərbi-sənaye kompleksinin yaradılmasına təkan verdi. Prezidentin müəyyən etdiyi düstura uyğun olaraq Vətən müharibəsində Azərbaycanın güclü ordu modeli bir sistem olaraq qalib gəldi. Çünki bundan əvvəl qoşun birləşmələrinin döyüş hazırlığı müasir standartlar səviyyəsinə çatdırılmışdı. Əməliyyat işləri, idarəetmə təkmilləşdirilmişdi, xeyli sayda komanda-qərargah təliminin keçirilməsi isə Dağlıq Qarabağ münaqişəsinin hərbi həllini şərtləndirmişdi. Dekabrın 10-da “Azadlıq” meydanında Qalib Ordunun zəfər yürüşü bir daha göstərdi ki, biz həm də mənən zəfər çalmışıq, Azərbaycan ordusu bu müharibədə vətəni sevmək nümunəsi göstərib. Qarabağda unudulmaz tarix yazan bu ordu isə Azərbaycanın müstəqilliyinin ən böyük qarantıdır və bundan sonra dünyada heç bir qüvvə onun qarşısında duruş gətirə bilməz. 
Prezident İlham Əliyev öz fəaliyyətində Azərbaycan xalqının keçdiyi tarixi mərhələləri, milli ideologiyamızın əsas prinsiplərini və dövlətimizin getdiyi yolu tam mənası ilə əks etdirir. Təbii ki, bu məsələnin təməlində məhz dövlət başçısının qədim tariximizə, şanlı keçmişimizə, zəngin mədəni irsimizə və əlbəttə ki, ana dilinə, ədəbiyyatına olan məhəbbəti və hörməti dayanıb. Dövlət başçısı milli-mənəvi dəyərlərin, dini etiqad azadlığının, konfessional və etnik rəngarəngliyin, multikulturalizm və tolerantlıq ənənələrinin qorunub saxlanmasını və inkişafını təmin edib. Onun prezidentliyi dövründə ölkədə yüzlərlə məscid, kilsə, sinaqoq tikilib və ya bərpa olunub. 

Prezident İlham Əliyev Azərbaycanı dünyada idman ölkəsi kimi tanıdıb. Bu məqsədə nail olmaq üçün dövlət başçısı bütün ölkə boyu müasir idman infrasrukturu yaradıb, çoxsaylı yeni, müasir idman obyektləri tikilib. Azərbaycan idmançıları olimpiya oyunlarında yüksək nəticələr göstərib. Bütün bu naliyyətlər özlüyündə Azərbaycana beynəlxalq idman yarışlarını keçirmək səlahiyyəti verib və ölkəmiz 2015-ci ildə tarixdə ilk dəfə reallaşan birinci Avropa Oyunlarını, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarını uğurla keçirib. 

Dünyada xalqlar çoxdur. Ancaq onların heç də hamısı müstəqil dövlətə sahib deyil. Xalqımızın xoşbəxtliyi ondadır ki, müsəlman Şərqinin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti məhz bizim Vətənimizdə yaranıb. İndi o dövlətin siyasi varisi olan müasir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ən böyük naliyyəti onun xalqın sonsuz məhəbbətini qazanmasıdır. Dövlət başçısı bütün təmaslarında ilk növbədə öz səmimiyyəti ilə insanları cəlb edib. Öz güclü iradəsi, liderlik keyfiyyətləri ilə milyonları ətrafında toplayaraq müstəqil və güclü Azərbaycan uğrunda çalışıb. İlham Əliyev xalqdan aldığı gücü öz fəaliyyəti ilə xalqa qaytarır. İndi güclü xalq, güclü dövlət, güclü lider vəhdəti müstəqil və müasir Azərbaycanın qüdrətinə çevrilib. Biz bunu Vətən müharibəsində də gördük. Prezident İlham Əliyev müharibənin gedişində dəfələrlə bəyan etdi ki, “dünyada heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq, biz qalib gəlirik, biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik!”. Bu əminlik 44 günlük müharibədən Azərbaycanın qalib ayrılmasını şərtləndirdi. Ermənistan bütün hərbi resurslarını itirdi, Azərbaycan öz haqlı davasında axıra qədər gedərək mütləq qələbə qazandı. Doğma xalqı qarşısında bütün zamanların ən dəyərli missiyasını uğurla həyata keçirən Böyük Sərkərdənin başçılıq etdiyi müzəffər ordu 30 il işğal altında qalan torpaqlarımızı düşmən tapdağından xilas etdi. Biz bir millət olaraq öz böyük arzumuza çatdıq. 

Artıq həyatımızda yeni dövr başlayır. Bu dövrün özəllikləri olacaq. Biz Azərbaycanın beynəlxalq münasibətlərdə yürütdüyü siyasətin yeni konturlarını görəcəyik. İkitərəfli və çoxtərəfli əlaqələrdə yeni əməkdaşlıq parametrləri müşahidə olunacaq. Ən önəmli məqam isə ondan ibarətdir ki, dünya bu müharibənin gedişində Azərbaycanı yenidən kəşf etdi, ölkəmiz haqqında, onun malik olduğu güc barədə beynəlxalq birlikdə dəqiq təsəvvür formalaşdı. Onlar gördülər ki, müstəqillik tarixi dövründə inanılmaz dərəcədə güclənən Azərbaycanla heç bir halda təhdid dilində danışmaq olmaz. Çünki onun xalqın maraqlarını bütün dəyərlərdən üstün tutan, ölkənin bütün potensialını Vətən naminə səfərbər edən Lideri var və Xalq-Lider vəhdəti Azərbaycanın xoşbəxt gələcəyinin qarantıdır.

ARİF ALIŞANOV