Ermənistan geri çəkildi
23:45 10-01-2013
SİYASƏT
Ermənistan geri çəkildi
İndidə gələn ay gözlənilir
Bu günlərdə Azərbaycan hava hucumundan müdafiə sistemi bir nömrəli döyüş vəziyyətinə gətirildi. Bildirildi ki, Xankəndi hava limanından ermənilər istifadə etməyə hazırlıq görür və bunun qarşısı dərhal alınacaq. Məsələ, hətta o qədər ciddiləşmişdi ki, diplomatik korpuslar və ATƏT-in Minsk qrupunun həmsədrləri də məsələyə müdaxilə etdilər.
Amma Azərbaycan mövqeyində qəti idi və verilən açıqlamalarda bildirilirdi ki, güzəştdən söhbət gedə bilməz. Həmin vaxt, Kremlə yaxınlığı ilə seçilən bir neçə politoloqda bildirdi ki, Azərbaycan bu dəfə məsələyə ciddi yanaşır və bu sonda müharibə ilə tamamlanacaq. Onlar iddia edirdi ki, hadisələrin inkişafı Azərbaycana sərf edir və belə davam edərsə Azərbaycan savaş elan edəcək və bunun qarşısını heç bir beynəlxalq təşkilat ala bilməyəcək. Amma gözləntilər özünü hələ ki, doğrultmur. Çünki Ermənistan tərəfi geri çəkilib. Belə ki, Azərbaycanın işğal altındakı Qarabağ bölgəsində ermənilərin qeyri-qanuni istismarında olan Xankəndi hava limanının indi də gələn ay istifadəyə veriləcəyi söylənilir. Bu haqda Dağlıq Qarabağdakı separatçı rejimin rəsmisi David Babayan məlumat verib. O bildirib ki, aeroportun istifadəyə verilməsi üçün hələlik bir sıra texniki problemlər var.
"Bir neçə kiçik texniki problem var, bunlar isə qısa zamanda həll ediləcək. Çox güman ki, ən geci bir ay müddətinə aeroport istifadəyə hazır olacaq", - deyə Babayan vurğulayıb.
Qeyd edək ki, erməni mətbuatında yer alan məlumatlara görə, Xankəndi hava limanının istifadəyə veriləcəyi ilk mərhələdə saatda 100 sərnişinə xidmət göstəriləcək, uçuşların "Air Artsakh" şirkəti tərəfindən həyata keçiriləcəyi bildirilir.
Amma azərbaycanlı politoloq fərqli fikirdədir. "Ermənistan tərəfi Xankəndi hava limanından istifadə etməyəcək. Azərbaycan tərəfi də onların təyyarəsini vurmayacaq". Bunu açıqlamasında konfliktoloq Arif Yunus bildirib. Onun sözlərinə görə, bu, sadəcə informasiya müharibəsinin yeni mərhələsidir.
"İnanmıram ki, fevralda və yaxud başqa bir ayda ermənilər Xankəndi hava limanını beynəlxalq statusda istifadə etsin. İndi bir tərəf bəyan edir ki, istifadə edəcəyəm, digər tərəf isə onu vuracağını bildirir. Bu məsələdə bundan başqa heç nə gözləmirəm. Tutaq ki, sabah nə isə oldu. İnanmıram ki, bunun nəticəsində geniş miqyaslı döyüşlər və yaxud müharibə başlasın. Gərginlik olacaq, vəssalam".
A. Yunus bildirib ki, əslində ermənilər həmin hava limanından artıq istifadə edirlər. "Rəsmi olmasa da, oradan İrəvana daxili reys kimi təyyarə uçur. Ermənilər istəyirlər ki, bu hava limanına rəsmi, beynəlxalq aviasiya qurumlarının xüsusi icazəsi verilsin. Azərbaycan məhz buna qarşı çıxır. Prezident Sərkisyan deyir ki, "ilk biletli sərnişin olacağam". Onsuz da Ermənistan prezidenti qeyri-rəsmi formada ora uçur. Deməli, söhbət yalnız hüquqi müstəvidə qələbə, üstünlük qazanmaqdan gedir".
Maraqlıdır, bəs erməni tərəfi istədiyini etsə Azərbaycanın atacağı addımlar nədən ibarət olacaq? Ekspertlər bildirir ki, hazırda durum çox həssasdır və Azərbaycan bu həssaslıqda növbəti güzəştə getməməlidir. Çünki bu məsələdə olacaq güzəşt sabah Dağlıq Qarabağ probleminin taleyinə də təsirini göstərə bilər. Yəni hava limanının nəzərdə tutulduğu formada istifadəyə verilməsi artıq hava limanının yerləşdiyi ərazinin ayrı bir dövlət olaraq tanınması deməkdir. Ekspertlər buna görə Arif Yunusovdan fərqli olaraq bildirirlər ki, məsələ ciddidir və mütləq hava limanı məsələsi beynəlxalq təşkilatların qarşısında qaldırılmalıdır.
Yeri gəlmişkən bunu da qeyd edək ki, hava limanının açılması məsələsinə bir sıra beynəlxalq təşkilatlar loyal yanaşandan sonra Ermənistan hava limanını istifadəyə verməyi qətiləşdirdi. Amma Azərbaycanın hava hucumundan müdafiə sistemini bir nömrəli döyüş vəziyyətinə gətirməsi Ermənistan tərəfini qorxuya saldı. Nəıticə isə göz qabağındadır. Ekspertlər bildirir ki, Azərbaycan bu təpkilərini daha da artırmalıdır ki, gələn ay hər hansı surpirizlə üz-üzə gəlməyək. Bunu da qeyd edək ki, qonşu Türkiyə də Xankəndi hava limanının açılmasına sərt təpki göstərdi və bəyan etdi ki, Ermənistan iddiasından əl çəkməzsə hava məkanını Ermənistanın üzünə bağlayacaq.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-25 22:51:58
2024-12-25 22:10:12
2024-12-25 20:58:12
2024-12-25 20:30:19
2024-12-25 19:19:09
2024-12-25 18:32:06
2024-12-25 16:28:18
2024-12-25 16:16:43
2024-12-25 16:14:03
2024-12-25 15:50:58
2024-12-25 14:37:01
2024-12-25 14:24:30
2024-12-25 13:25:11
2024-12-25 13:12:39
2024-12-25 13:01:57
2024-12-25 12:53:07
2024-12-25 12:52:03
2024-12-25 12:08:43
2024-12-25 00:31:48