İlham Rəhimovdan Qüdrət Həsənquliyevə cavab gəldi
21:42 11-01-2013
CƏMİYYƏT
İlham Rəhimovdan Qüdrət Həsənquliyevə cavab gəldi
Dünən BAXCP sədri, deputat Qüdrət Həsənquliyev "Qafqazinfo"ya müsahibəsində İlham Rəhimovun da adını çəkib.
Belə ki, jurnalistin növbəti prezident seçkilərində "Milyarderlər İttifaqının" namizədinin İlham Rəhimov ola biləcəyi barədə sualına Q. Həsənquliyev özünəməxsus şəkildə cavab verib: "Mən bilmirəm ki, İlham Rəhimov onların namizədidir".
Sonra millət vəkili öz fikrini daha da genişləndirərək, İ.Rəhimovun siyasətçi kimi müxtəlif problemlərlə bağlı fikirlərinə bələd olmadığını deyib: "Onunla heç tanışlığım da yoxdur. Heç vaxt üz-üzə gəlib salamlaşmamışıq. Hansısa tədbirdə ona rast gəlib çıxışını dinləməmişəm.
Bildiyimə görə, o, dəfələrlə bəyan edib ki siyasətdə yoxdur. Kiminsə dostu olmağa görə isə insanları prezident seçmirlər. Həm də nəzərə alanda ki, o dost, dostu da daxil olmaqla, hər bir azərbaycanlının qürur məsələsi olan Qarabağı 20 ildən artıqdır ki, işğal altında saxlayır, bir milyon insanımızı yurd-yuvasından didərgin salıb. Mən o dostluqdan qürur duymaz, ondan imtina edib xalqımdan üzr istəyərəm ki, vaxtilə dostluq etdiyim şəxs xalqıma qarşı ədalətli olmadı. Heç vaxt şəxsi maraqlarımı xalqımın qürur məsələsindən üstün tutmazdım".
Professor İlham Rəhimovun mətbuat xidmətindən bildiriblər ki, Q.Həsənquliyevin deputat olduğu illərdə onun parlamentdə hər hansı qanunvericilik təşəbbüsü ilə çıxış etdiyinin, Qarabağ probleminin həlli istiqamətində hansısa dəyərli fikrilər səsləndirdiyinin şahidi olan yoxdur: "Yaxşı olardı ki, Q.Həsənquliyevin özü Azərbaycan xalqından üzr istəsin. Çünki, xalqı millət vəkili kimi parlamentdə o "təmsil" edir. Onun Milli Məclisə necə seçilməsini isə hamı bilir.
Qarabağın 20 ildən artıq işğal altında olmasına, bir milyon azərbaycanlının yurd-yuvasından didərgin salınmasına görə də məhz Q.Həsənquliyev utanmalıdır. İlham müəllimin siyasətlə məşğul olmadığını özü də etiraf edən millət vəkilinin diqqətinə çatdırmaq istərdik ki, Qarabağ probleminin həlli İ.Rəhimovun səlahiyyətləri çərçivəsində deyil. İlham müəllimin xalqımız üçün nələri etdiyini Q.Həsənquliyev görmürsə, bu onun öz problemidir.
Ondan fərqli olaraq, İ.Rəhimov bir ictimai xadim kimi xalqımız və dövlətimiz üçün nə edibsə, hamısı təmənnasız olub. Gələcəkdə də bu cür davam edəcək. O ki, qaldı İ.Rəhimovun Rusiya Federasiyasının prezidenti ilə dostluğu məsələsinə, Q. Həsənquliyevdən fərqli olaraq İlham müəllim dostluğu siyasətdən həmişə üstün tutub və bütün dostlarına qarşı daim səmimilik, sadiqlik nümayiş etdirib. Q.Həsənquliyevə onu da xatırlatmaq yerinə düşərdi ki, rəhmətlik Heydər Əliyev dövlət başçısı olduğu illərdə V.Putinlə sıx dostluq münasibətlərində olmuşdur. Bildiyimizə görə, hazırda prezident İlham Əliyev də bu dostluğu davam etdirir və Qarabağ probleminin həllində ciddi səylər göstərilir".
İlham Rəhimovun mətbuat xidmətindən bildiriblər ki, son vaxtlar İ.Rəhimovun adının müxtəlif məsələlərdə hallandırılmasında kimlərsə maraqlıdır və bu yalan məlumatlar məqsədli şəkildə mətbuata ötürülür: "Bu insanların kimliyi və məqsədləri bizə bəllidir. Sadəcə olaraq, bütün bunları ciddi qəbul etmədiyimizdən, geniş izahat verməyə ehtiyac duymuruq".
BAXCP-nın funksioneri, politoloq Elçin Mirzəbəyli "Unikal"a bildirdi ki, "Biz Qüdrət bəyin arqumentli və əsaslandırılmış fikirlərinə qarşılıq olaraq professor İlham Rəhimovdan daha sanballı cavab gözləyirdik, amma təəssüf ki, onun mətbuat xidməti söhbətə qarışdı. Cavabdan aydın olur ki, İlham Rəhimovun mətbuat xidmətində tərbiyə problemi var və bu qüsur aradan qaldırılsa, pis olmaz".
Politoloqun sözlərinə görə, "Qüdrət bəy öz müsahibəsində bildirib ki, Rusiya faktiki olaraq Azərbaycanın torpaqlarını işğal edib. Bu fikirlər tam həqiqətdir. İlham Rəhimov bunun əksini sübut edə bilərmi? Və Qüdrət bəy bunu da əlavə edib ki, ərazimizi işğal edən dövlətin başçısı ilə dostluq etmək düzgün deyil. Bu münasibət işğalçıya haqq qazandırmaqdır".
Elçin Mirzəbəyli hesab edir ki, "Cavabdan bu da aydın olur ki, professor İlham Rəhimovun Milli Məclisin işindən də o qədər xəbəri yoxdur. Xəbəri olsaydı, bilərdi ki, Milli Məclisdə Dağlıq Qarabağ problemini ən çox qaldıran deputatlardan biri də Qüdrət bəydir".
Şakir
Digər Xəbərlər
2024-12-28 11:55:03
2024-12-28 11:45:52
2024-12-28 11:11:11
2024-12-28 10:55:59
2024-12-28 10:53:15
2024-12-28 10:23:44
2024-12-28 10:11:10
2024-12-28 09:46:56
2024-12-28 09:09:26
2024-12-28 08:43:00
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17