Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertlər qrupu COVID-19 infeksiyasının mənşəyinin tapılması istiqamətində araşdırmalar aparmaq üçün Çinə gediblər.
Unikal.org xəbər verir ki, Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin məlumatına görə, ÜST ekspertləri araşdırmalara başlamazdan əvvəl epidemiya əleyhinə proseduradan keçməlidirlər. Bura hava limanında və sonrakı günlərdə bir neçə dəfə burun-boğaz yaxma testinin, qan analizlərinin verilməsi, xüsusi karantin yerlərində 14 günlük məcburi özünütəcrid dövrünü keçmək daxildir. On nəfərdən ibarət heyətin Çinə səfəri 5-6 həftəni əhatə edəcək və epidemiyanın ilk olaraq başladığı Hubey vilayətinin paytaxtı Uhan şəhəri diqqət mərkəzində olacaq.
Ekspertlər rəylərini öz müşahidələrinə, Çin mütəxəssisləri tərəfindən heyvan və insanlardan toplanmış nümunələrə əsasən verəcəklər.