Portuqaliyada 2020-ci ilin mart və aprel aylarında tətbiq edilən koronavirusa qarşı sərt karantin rejimi başlanır.
Unikal.org-un məlumatına görə, bunu ölkənin Baş naziri Antonio Koşta açıqlamasında deyib.
O qeyd edib ki, ölkədə yoluxma hallarının sayı artır, karantin isə həyatları və səhiyyə sistemini xilas etməyə kömək edəcək.
“Bu gün səhər parlament fövqəladə vəziyyət rejimini 30 yanvar tarixinə qədər uzadıb. Hər birimiz evdə qalmalıyıq”, - deyən Baş nazir, ölkə sakinlərinin ötən ilin mart və aprel aylarında tətbiq olunmuş sərt karantin tədbirlərinə bənzər qaydalara qayıtmalı olduqlarını vurğulayıb.
Koşta bildirib ki, sakinlər mümkün qədər məsafədən işləməlidir. Bununla yanaşı, məktəblər açıq qalacaq. Tədbirlər cümə günündən etibarən qüvvəyə minəcək. Sərt karantin bir ay davam edəcək. Ərzaq mağazaları istisna olmaqla (ziyarətçi sayında məhdudiyyət olmalıdır), bütün mağazalar bağlanacaq, bərbər salonları, mədəniyyət və idman obyektləri işləməyəcək. Məhkəmələr və dini qurumlar açıq qalacaq.