Oliqarxların bələdiyyələrlə ilginc hiyləsi
12:56 16-01-2013
CƏMİYYƏT
Oliqarxların bələdiyyələrlə ilginc hiyləsi
Onlar yerli özünüidarəetmə orqanlarının qarşısına niyə sədd çəkirlər?
Azərbaycanda bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
Uzun müddətdir ki, Azərbaycanda effektiv bələdiyyə institutunun formalaşması müzakirə mövzusudur. Ölkədə əksər ekspertlər hələ də bələdiyyələrin istənilən effektdə çalışmamasından gileylənir.
Məsələ burasındadır ki, effektiv bələdiyyə institutunun formalaşması yerli özünüidarə qurumlarının fəaliyyətinin səmərəli qurulmasından əhəmiyyətli dərəcədə asılıdır.
Bəs görəsən, bələdiyyələrin fəaliyyətinin effektivliyi hansı meyarlarla ölçülür? Azərbaycanda belə bir mexanizm, indikatorlar sistemi varmı? Suallara cavab axtararkən aydın oldu ki, belə bir indikatorlar sistemi Avrasiya Əməkdaşlıq Fondunun təşəbbüsü və dəstəyilə azərbaycanlı ekspertlər tərəfindən işlənib hazırlanıb. İndikatorlar sistemi bələdiyyələrin fəaliyyətinin müxtəlif istiqamətini əhatə edir. Bu sistem müxtəlif sahələrdə bələdiyyənin il ərzində həyata keçirdiyi fəaliyyətin nəticələrini qiymətləndirməyə imkan verə bilər.
Bundan başqa, sənəd bələdiyyələrə öz fəaliyyətlərinin nəticələrini illər üzrə müqayisə etmə imkanı verir. İndikatorlar sistemi eyni statusa malik və eyni ölçülü bələdiyyələrin fəaliyyətinin müqayisəsi və s. bir sıra bu kimi effektivlik hesablamalarına yol açır. Ümumilikdə 46 indikatoru özündə ehtiva edən sənəddən bələdiyyələrlə yanaşı, digər qurumlar da istifadə edə bilər. Müvafiq dövlət qurumları yerli özünüidarə sahəsində dövlət siyasətinin müəyyənləşdirilməsi, bələdiyyə assosiasiyaları bələdiyələrin əsas ehtiyaclarının müəyyənləşdirilməsi, elm və təhsil müəssisələri tədris və tədqiqat, bələdiyyələrə sərmayə qoymaq istəyən sahibkarlar mümkün risk ehtimallarının öyrənilməsi, bank və kredit təşkilatları kreditlərin təminatlarının qiymətləndirilməsi məqsədilə indikatorlar sistemindən istifadə edə bilərlər.
Amma gəl gör ki, bunların hamısı kağız üzərində qalıb. Sanki gizli və güclü bir əl bələdiyyələrin haqqında danışılan indikatorlar sistemi əsasında effektiv fəaliyyətini tormozlamaqla məşğuldur.
Mövzu ilə bağlı “Unikal”a danışan adının çəkilməsini istəməyən ekspert isə bildirib ki, əslində bizdə yerli özünüidarəetmə orqanlarının formal şəkildə varlığının səbəbi çox aydındır: səlahiyyətləri kifayət qədər məhdud olması. “Dərd orasındadır ki, bizdə yerli özünüidarəetmədə paralellik mövcuddur. Yerli idarəetmələr həm bələdiyyələr, həm də yerli icra hakimiyyətləri tərəfindən həyata keçirilir. Səlahiyyətlərin böyük əksəriyyəti faktiki olaraq yerli icra strukturlarındadır".
Bundan sonra ekspert əməkdaşımızla olduqca ilginc bir iddia paylaşıb. Həmin iddiaya görə, Azərbaycanda bələdiyyələrin indiki formal mövcudluğunu sürdürməsi əsasən iri məmurların - bəzi oliqarxların planıdır. “Müəyyən oliqarxlar var ki, onlar bələdiyyə fəaliyyətinin gücləndirilməsini, effektiv qurulmasını, bələdiyyələrin tam müstəqilliyini və səlahiyyətlərinin artmasını istəmirlər. Məqsəd aydındır: hazırda ölkənin hər bölgəsi bir iri məmurun nəzarəti altındadır. Bəzi oliqarxlar icra başçılarını, onların da vasitəsilə rayonları “özününküləşdiriblər”. Yerli idarəetmə orqanlarının müstəqilliyini təmin etmək və səlahiyyətlərini artırmaq isə istər-istəməz bəzi oliqarxların qeyri-rəsmi nəzarətdə saxladıqları bölgələr üzərindəki hegemoniyasının əldən çıxması ilə nəticələnə bilər. Odur ki, onların bələdiyyələri “boğmağa” çalışması təbiidir” - deyə mənbəmiz qeyd edib.
Ekspert həmçinin vurğulayıb ki, bir çox oliqarxlar üçün bölgələr üzərində “xanlıq” sistemi yaratması onların iqtidar içindəki dayaqlarını gücləndirmələri üçün gərəklidir. İndi seçkili orqan olan bələdiyyələrin yerli idarəetmədə təsir gücü artırsa, bu, istər-istəməz bəzi oliqarxların bölgələr üzərindəki nəzarətini də zəiflədəcək, deməli, zəifləyən həm də müəyyən iri məmurların hakimiyyət daxilində sarsılan nüfuzu olacaqdır.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00
2024-12-28 16:07:47
2024-12-28 16:03:34
2024-12-28 15:59:00
2024-12-28 15:56:23