Dağlıq Qarabağ problemi dalanda?
Dağlıq Qarabağ problemi dalanda?

Millət vəkili Rasim Musabəyovun bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi prosesi dalana dirənib.
Onun dediyinə görə, bu faktı Azərbaycan Prezidenti İlham Əliyev "Rossiya-24" telekanalına müsahibəsində də diqqətə çatdıraraq qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesi durğunluq mərhələsinə qədəm qoyub: "Qeyd etmək lazımdır ki, danışıqlar prosesinin dalana dirənməsi və faktiki olaraq durğunluq mərhələsinə qədəm qoyması ermənilərin danışıqlar prosesində tutduqları qeyri-konstruktiv mövqe ilə bağlıdır. Onlar bu yolla işğal altında saxladıqları əraziləri leqallaşdırmağa, eləcə də onlara sərf edən hazırkı status-kvo vəziyyətini saxlamağa çalışırlar".
2013-cü ildə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə dair gözləntilərinə gəlincə, millət vəkili bildirib ki, cari ildə Ermənistan-Azərbaycan konfliktinin çözümü istiqamətində kifayət qədər intensiv danışıqların müşahidə olunacağını düşünmür:
"Rəsmi mövqeyimiz ondan ibarətdir ki, prinsipləri sonadək çeynəmək faydasızdır. Minsk Qrupunun həmsədr dövlətlərinin rəhbərlərinin bəyanatında prinsiplərin əsas maddələri səsləndirilib. Səslənən hissəyə Azərbaycan və Ermənistan prezidentləri ATƏT-in Astana sammitində müsbət cavab veriblər. Belə olan halda, konkret müqavilə imzalamaq lazımdır. Elə bir müqavilə imzalanmalıdır ki, burada tərəflərin atacağı addımların bütün ardıcıllığı öz əksini tapsın. Ona görə də Azərbaycan Xarici İşlər Nazirliyi təkid edir ki, həmsədrlər konkret sülh müqaviləsini hazırlamağa başlasınlar. Hesab edirəm ki, həmsədrlər müqavilə ətrafında işlərini aparacaqlar".
Politoloq Ərəstun Oruclunun fikrincə, "Əslində, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tərəflər arasında aparılan danışıqlar prosesi çoxdan dalana dirənib. Bunun da bir sıra səbəbləri var. Amma başlıca səbəb ondan ibarətdir ki, bu münaqişəyə birbaşa və ya dolayısı ilə dəxli olan tərflərin heç biri indiki status-kvonun dəyişdirilməsini istəmir. Çünki bu durumun dəyişməsi bir neçə xoşagəlməz risklərlə bağlıdır. Artıq çoxdandr ki, Dağlıq Qarabağ problemi daxili və xarici siyasətin predmetinə çevrilib".
Politoloqun sözlərinə görə, "Risk amilinə prezident seçkilərini də aid eləmək olar. Bu il həm Azərbaycanda, həm də Ermənistanda prezident seçkiləri keçiriləcək. Ermənistanın prezidenti Sərkisyan artıq bəyan edib ki, Dağlıq Qarabağ məsələsi ölüm-dirim məsələsidir. Bu ifadəni daha çox Ermənistandakı seçkiqabağı təşviqat kampaniyasının elementi kimi qavramaq lazımdır. Yəni Sərkisyan seçicilərin nəzərində vətənpərvər prezident imici yaratmağa cəhd edir".
Politoloq “Unikal”a bildirib ki, "Qarabağ probleminin köklü şəkildə və ədalət əsasında həll edilməsi bölgədə maraqları olan dövlətlərə də sərf etmir. Onlar bu münaqişənin bu formada qalmasında maraqlıdırlar ki, yeri gələndə həm Azərbaycana, həm də Ermənistana təzyiq edə bilsinlər. Yəni onlar üçün Qarabağ problemi siyasi-diplomatik manevr meydanına çevrilib".
Savalan