"Diffamasiya" qanunu niyə gecikir?
22:47 16-01-2013
CƏMİYYƏT
"Diffamasiya" qanunu niyə gecikir?
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycanda "Diffamasiya haqqında" qanunun qəbulunun gecikmə səbəbləri barədə deyib: "Bu qanunun qəbulu məsələsi "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nda da var və bu proqram birbaşa Azərbaycan prezidentinin, dövlətin iradəsidir".
Komitə sədrinin sözlərinə görə, qanun üzərində hazırda Prezident Administrasiyası tərəfindən iş aparılır, Mətbuat Şurası da bu prosesdə yaxından iştirak edir. Ə. Hüseynli bildirib ki, qanunun tezliklə qəbul olunması üçün hüquqşünasların da bir sıra təkliflərini nəzərə almaq şərtilə sənədin ciddi ictimai müzakirəsinə ehtiyac var: "Qısa müddət ərzində qanunun ictimai müzakirəyə çıxarılması lazımdır. Hətta biz Mətbuat Şurasına bildirmişik ki, qanunun hazırlanmasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinə aid mərhələdə yaxından iştirak etməyə hazırıq".
Ə. Hüseynli qanunun qəbulunun gecikməsinə birbaşa səbəb olan problemi açıqlayıb, yeni qanunla bağlı rəhbərlik etdiyi komitənin fərqli mövqedə olmasını şərtləndirən məqamlardan danışıb. Onun sözlərinə görə ötən il bu fərqli mövqeyə aydınlıq gətirilməməsi qanunun qəbulunu ləngidib: "Bu da qanunun qəbulu ilə bağlı Cinayət Məcəlləsində böhtan və təhqirə görə həbs-qətimkan tədbirini nəzərdə tutan 147 və 148-ci maddələrin çıxarılıb-çıxarılmaması məsələsidir. Onlar qanunun qəbulu üçün bu maddələrin çıxarılmasını tələb edirlər, biz isə buna ehtiyac görmürük.
Çünki onsuz da artıq hamı müşahidə edir ki, son illər bu maddə ilə jurnalistlər həbs olunmur və bu maddələrin saxlanması da o demək deyil ki, mütləq bu tətbiq olunacaq. Hər bir qanunun öz funksiyası var. Cinayət Məcəlləsində nəzərdə tutulan maddələrin hamısı o demək deyil ki, onlar dərhal tətbiq olunsun. Mübahisə doğuran maddələr də tətbiq olunmaqdan çox çəkindirici xarakter daşıyır. Yəni media əhli onu oxusun və kimisə təhqir etməkdən çəkinsin. Bu hal Fransada da var, orada 5 il həbs nəzərdə tutulur. Bizə irad tuturlar ki, Fransada bu maddələr olsa da, belə şeyə görə jurnalistləri həbs etmirlər. Amma son illər elə bizdə də jurnalistlər belə şeyə görə həbs olunmur".
"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı bu qanun layihəsinə münasibət bildirərkən "Unikal"a deyib: "Diffamasiya haqqında" Qanunun qəbul olunmasının yubadılmasının əsas səbəblərindən biri odur ki, hakimiyyətdə düşünürlər ki, jurnalistlər, ümumiyyətlə jurnalistika sistemi bu qanunun qəbuluna hazır deyil. Bu qanun qəbul olunduğu təqdirdə, artıq böhtanlar, insanların şəxsi həyatına müdaxilələr arta bilər. Bu isə cəmiyyətdə neqativ hallara gətirib çıxaracaq".
A. Aşırlı qanunun qəbulunun Azərbaycanda jurnalistikanın inkişafına kömək edəcəyini söyləyib. "Bu qanun özü-özlüyündə peşəkarlar üçün özünüsenzura mühiti yaradan bir qanundur. Yəni informasiyanın dəqiqləşdirilməsi, etik ölçülərin gözlənilməsi və digər qaydalara əməl olunması ilə əlaqəli ciddi jurnalistlər məsuliyyət hiss edəcəklər".
Akif Aşırlı reket jurnalistlərə görə bu qanun layihəsinin qəbul edilməməsini düzgün hesab etmir. "Reket mətbuatını nəzərə alıb qanunun qəbulunu gecikdirmək düzgün deyil". Baş redaktor "Diffamasiya haqqında" Qanunun qəbul edilməsini Azərbaycanın beynəlxalq imici üçün vacib olduğunu qeyd edib. "Bu baxımdan söz və mətbuat azadlığı ilə bağlı hesabatlarda Azərbaycanın sonuncu sıralarda yerləşməsinin səbəblərindən biri kimi "Diffamasiya haqqında" Qanunun qəbul olunmamasını göstərirlər". Akif Aşırlının sözlərinə görə, rəsmilər də müəyyən mənada açıqlama veriblər ki, onlar bu qanunun qəbuluna hazırdırlar. "Sadəcə şərait yetişməyib. Düşünürəm ki, burada mühafizəkarlıq etməyə lüzum yoxdur. Bu qanun qəbul olunsa daha yaxşı olardı".
"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bizə bildirdi ki, "Bu qanunun qəbul edilməsi ilə bağlı cəmiyyətimizdə müəyyən fikir ayrılıqları var. Bəzi insanlar hesab edir ki, qanunun qəbulu tezdir. Bir qrup insanlar isə hesab edir ki, qanunun qəbulu ilə bağlı biz artıq gecikmişik. Yəni cəmiyyətimizdə iki haçalanmış fikir var. Mən düşünürəm ki, əslində hər iki tərəfin arqumentlərində müəyyən obyektiv notlar tapmaq olar".
E. Mirzəbəyli vurğulayıb ki, əsas məsələ problemin həllidir. "Qanun qəbul ediləcəyi şəraitdə söz və fikir azadlığından sui-istifadə hallarının qarşısının alınması üçün müvafiq hüquq mexanizmlərinin yaradılmasına ehtiyac var, təbii ki, inzibati üsullarla bu problemin qarşısını almaq mümkün deyil. Bu mexanizmin yaranması isə o qədər çevik olmalıdır ki, yaranmış hər hansı bir problem dərhal, qısa müddətdə aradan qaldırılsın. Çünki informasiya ilə oynamaq olmaz və bunu zamanın öhdəsinə buraxmaq da düzgün deyil", - deyə baş redaktor bildirib.
Sahib
Digər Xəbərlər
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00
2024-12-28 16:07:47
2024-12-28 16:03:34
2024-12-28 15:59:00
2024-12-28 15:56:23