Rusiya son aylarda Ermənistana külli miqdarda silah-sursat verib
Rusiya son aylarda Ermənistana külli miqdarda silah-sursat verib
Üzeyir Cəfərov: “Rusiya nümayişkaranə şəkildə Dağlıq Qarabağ münaqişəsini körükləməklə məşğuldur və bu problemin ədalətli şəkildə həll edilməsində maraqlı deyil”

Rusiya Ermənistanı silahlandırmaqda davam edir. Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar bir çox beynəlxalq qurumların, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin rəhbərləri tərəfindən mövcud status-kvonun dəyişdirilməsinin zəruriliyi barədə dəfələrlə bəyanatların verilməsinə baxmayaraq, Rusiyanın sözü ilə hərəkətləri üst-üstə düşmür.
Belə ki, Rusiya Federasiyası Ermənistana külli miqdarda silah və texnikanın ötürülməsini davam etdirərək status-kvonun qorunub saxlanılmasına zəmin yaradır.Rusiya ilə Ermənistan arasında hava vasitəsi ilə hərbi daşımalar təşkil edilib. Son bir neçə ay ərzində Rusiyadan Ermənistana aşağıda göstərilən silah, sursat və hərbi texnika ötürülüb:
Zirehli texnika
- BMP-3 piyadaların döyüş maşınları;
- BMP-2 piyadaların döyüş maşınları;
- BTR-80 bazasında R-149 komanda-qərargah maşınları;
- BTR-70/80 zirehli transportyorlar.
Artilleriya qurğuları
- 152mm 2A65 “Msta-B” haubitsaları;
- 152mm 2A36 “Qiatsint-B” topları;
- 2S3M “Akasiya” özüyeriyən artilleriya qurğuları;
- 300mm, 240mm və 122mm üçün reaktiv mərmiləri;
- 152mm artilleriya qurğuları ücün mərmiləri;
- Tanklar ücün 125mm mərmiləri;
- D-30 artilleriya qurğuları üçün 122mm mərmiləri;
- MT-12 topu ücün 100 mm mərmiləri;
- Artilleriya üçün ehtiyat hissələri və ləvazimatları;
- 2S3M “Akasiya” üçün ehtiyat hissələri və ləvazimatları;
HHM və aviasiya vasitələri
- S-300 zenit-raket kompleksi üçün 5B55K, 5B55R və 5B55U idarə olunan zenit raketləri.
- ZRK “KUB” bir divizion tərkibində;
- 80 mm C-8 idarə olunmayan aviasiya raketləri;
- İdarə olunmayan X-25 ML aviasiya raketləri;
- 57mm C-5 idarə olunmayan aviasiya raketləri UB-20-57 bloku ilə;
- R-60M tipli idarə olunan raketlər;
Çoxlu sayda döyüş texnikası və aqreqatlar üçün ehtiyat hissələri;
Çoxlu sayda atıcı silahlar, sursatlar və mühəndis əmlakları.
Hərbi ekspert Üzeyir Cəfərov “Unikal”a bildirdi ki, “Rusiyanın Ermənistanı müntəzəm şəkildə silah və hərbi texnika ilə təchiz etməsi bəlli məsələdir və sözügedən fakt da bu silsilənin davamıdır. Hesab edirəm ki, bu məqamda Azərbaycan cavab addımı olaraq beynəlxalq ictimaiyyət qarşısında məsələ qaldırmalıdır ki, Ermənistan ərazisində adi silahların inspeksiyası üzrə reyd keçirilsin. Məlum olduğu kimi, hər bir dövlət digər dövlətlərə satdığı silahlar və hərbi texnika barədə BMT-yə yazılı şəkildə hesabat verir. Mənim bildiymə görə, Rusiya Ermənistana satdığı və yaxud bağışladığı silahlar, hərbi texnika barədə BMT-yə belə bir hesabat verməyib. Ona görə də Azərbaycan bu məsələdə israrlı olmalıdır. Silahlara nəzarət üzrə beynəlxalq inspeksiya adi bir prosedurdur. Yadınızdadırsa, bu yaxınlarda Türkiyə ərazisində belə bier beynəlxalq reyd keçirildi və həmin inspeksiya qrupunun tərkibində hətta Ermənistanın da nümayəndəsi var idi. Bir müddət əvvəl Azərbaycana da bu cür reyd qrupu gəlmişdi”.
Ekspertin sözlərinə görə, “Azərbaycan ərazilərini işğal etmiş Ermənistanı Rusiyanın bu cür israrla silahlandırması ondan xəbər verir ki, Rusiya nümayişkaranə şəkildə Dağlıq Qarabağ münaqişəsini körükləməklə məşğuldur və bu problemin ədalətli şəkildə həll edilməsində maraqlı deyil. Məsələnin digər tərəfi isə bundan ibarətdir ki, Rusiya Cənubi Qafqazdakı mövcud balansı qoruyub saxlamaq baxımından qərb dövlətləri ilə də hesablaşmaq niyyətində deyil. Yəni şimal qonşumuz bölgədə pis mənada katalizator rolunu oynamaqda davam edir.”
Savalan