Gürcüstan-Türkiyə münasibətləri gərginləşir?
20:05 18-01-2013
CƏMİYYƏT
Gürcüstan-Türkiyə münasibətləri gərginləşir?
"Qruziya Onlayn" xəbər portalının yazdığına görə, Gürcüstan prezidenti Mixail Saakaşvili dünən keçirilmiş brifinqdə bəyan edib: "Təəssüf ki, Türkiyə ilə münasibətlər çox ciddi şəkildə gərginləşib".
Xatırladaq ki, Azərbaycan, Türkiyə və Gürcüstan birgə Bakı-Tiflis-Qars dəmiryolu layihəsini həyata keçirir. Bu dəmiryolu magistralı yaxın gələcəkdə istifadəyə verilməlidir. "Gürcü arzusu" koalisiyası hakimiyyətə gəldikdən sonra bu layihənin Gürcüstana fayda gətirməyəcəyi barədə fikirlər səsləndirməyə başlayıb, lakin sonradan layihənin gerçəkləşməsinə heç bir təhlükə olmadığını bəyan edib.
"Bilirsiniz ki, hal-hazırda Türkiyə ilə münasibətlər çox ciddi şəkildə gərginləşib. Bu çox şeydə özünü biruzə verir, Türkiyə artıq bir çox sərmayə qoyuluşlarını dayandırıb. Türkiyə Gürcüstanın NATO-ya inteqrasiya məsələsində əsas tərəfdaş qismində çıxış edir. Türkiyə ilə münasibətlərdə problemlər yarandıqda Gürcüstan NATO-ya daxil olmaq tarixi şansını itirir. Bundan başqa Azərbaycan da Gürcüstanın strateji müttəfiqidir. Bu səbəbdən bütün qonşularla ciddi məsləhətləşmələr aparmadan müəyyən məsələləri tələsik şəkildə irəli sürülməsi yolverilməzdir. İnanıram ki, bu düşünülməmiş bəyanat olub, əks halda biz çox ciddi hadisə ilə üzləşmişik", - deyə ölkə başçısı qeyd edib.
"Rəsmi Tiflis tərəfindən verilən son açıqlamalar Azərbaycana yönəlik ənənəvi xarici siyasət kursundan imtina kimi qiymətləndirilməli, buna qarşı adekvat addımlar atılmalıdır"
Böyük Quruluş Partiyasının (BQP) başqanı, millət vəkili Fazil Mustafa
Bildirib ki, "Gürcüstanın baş naziri Bidzini İvanişvilinin Ermənistan rəsmiləri ilə görüşdə Azərbaycanın ərazi bütövlüyü məsələsini vurğulamadan problemin dinc yolla həllini dilə gətirməsi, eləcə də bu ölkənin Xarici İşlər Nazirinin ötən həftə Litvada verdiyi açıqlamada "məsələnin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyi" ifadəsini işlətmədiyini bildirməsi Azərbaycanın xarici siyasətində bəzi məqamların korrektə edilməsi zərurəti yaradır".
F. Mustafanın fikrincə, bu cür açıqlamalar rəsmi Gürcüstanın Azərbaycanın ərazi bütövlüyü sözünü dilə gətirməklə erməniləri qıcıqlandırmaqdan çəkinməyə üstünlük verdiyini göstərir: "Azərbaycan tərəfi də Abxaziya və Cənubi Osetiya münaqişəsinin Gürcüstanın ərazi bütövlüyü çərçivəsində həlli barədə indiyədək səsləndirdiyi rəsmi mövqedən imtina edərək, Rusiyanı qıcıqlandırma siyasətindən əl çəkməlidir. Fikrimizcə, bütün platformalarda Gürcüstanın ərazi bütövlüyü məsələsinə qeyri-müəyyən yanaşma ortaya qoyulmalıdır. Rəsmi Tiflis tərəfindən verilən son açıqlamalar Azərbaycana yönəlik ənənəvi xarici siyasət kursundan imtina kimi qiymətləndirilməli, buna qarşı tərəfimizdən adekvat addımlar atılmalıdır".
Politoloq Zərdüşt Əlizadəniz sözlərinə görə, "Gürcüstanın baş naziri İvanişvilinin siyasətində və çıxışlarında Azərbaycana və yaxud Türkiyəyə yönəlik mövqe axtaranlar yanlışlığa yol verirlər. İvanişvilinin Bakı-Tiflis-Qars dəmiryol xəttinə qarşı tutduğu mövqe başa düşüləndir. Baş nazir hesab edir ki, bu dəmiryol xəttinin istifadəyə verilməsi Gürcüstanın daxili dəmiryollarının rentabelliyini xeyli aşağı salacaq və İvanişvili də haqlı olaraq öz ölkəsinin iqtisadi mənafeyi baxımından bu bəyanatları verməli olur. Sözügedən dəmiryol xətti həm də Gürcüstanın Qara dənizdəki limanlarının nəql potensialına xeyli zərbə vuracaq və oradan daşınan yüklərin miqdarı aşağı düşəcək. Birinci növbədə iş adamı olan İvanişvili də bunları çox gözəl anlayır. Amma bununla belə, İvanişvilı Bakıda aparılan danışıqlardan sonra tələsik bəyanatlar verdiyini etiraf etməli olmuşdu".
Dağlıq Qarabağ probelminin həllinə münasibətdə gürcü baş nazirin tutduğun mövqeyi analiz edərkən Zərdüşt Əlizadə bildirir ki, "İvanişvili hər bir münaqişənin öz spesifikası olduğunu bildirməkdə haqlıdır. Gürcüstandakı spesifika bundan ibarətdir ki, Rusiya Gürcüstandan güclüdür və onun ərazilərini zəbt edib. Azərbaycana gəlincə isə, Ermənistan faktiki olaraq Azərbaycanın ərazilərini işğal edib və bu işğalı legitimləşdirməyə can atır. Azərbaycan isə öz növbəsində Ermənistana sübut etməlidir ki, güclüdür, yəni döyüşüb öz qanuni ərazilərini geri qaytarmalıdır. Əgər Azərbaycan bunu etmirsə, İvanişvilinin nə qəbahəti var?"
Mehdi Əli
Digər Xəbərlər
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50