Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sumqayıtda tullantıların yandırılmasına və bunun nəticəsində şəhəri tüstü basmasına münasibət bildirib.

Unikal.org xəbər verir ki, “Ekspert saatı”nda nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə ötən il Sumqayıt məişət tullantıları poliqonunun bu məsələ ilə bağlı dəfələrlə cərimələndiyini xatırladıb.

“Təəssüf ki, hazırda həmin ərazidə bu istiqamətdə kifayət qədər çatışmazlıq mövcuddur. Lakin biz ETSN olaraq, mütəmadi olaraq, həmin əraziyə cavabdeh şəxsləri cərimələmək, məcburi göstəriş vermək məcburiyyətində qalırıq. Orada hazırda yeni məişət poliqonunun tikintisi və istifadəyə verilməsi ilə bağlı işlər aparılır. Biz də arzu edirik ki, tezliklə bu problem birfəfəlik həllini tapsın. Çünki Sumqayıt Azərbaycanın çox mühüm şəhərlərindən biridir. İnanırıq ki, bu istehsalat şəhərində aparılan işlər yaxın vaxtlarda bitəcək”, - nazirlik rəsmisi əlavə edib.