“2020-ci ilin mart ayından başlayaraq pandemiya ilə əlaqədar Azərbaycanın da turizm sektorunda ciddi tənəzzül davam edib. Qonşu dövlətlərlə sərhəddə məhdudlaşdırıcı rejimin tətbiq olunması ilə bağlı mehmanxana və mehmanxana tipli müəssisələrin göstəricilərində geriləmə qeydə alınıb. 2020-ci ildə Azərbaycanda mehmanxanalarda gecələmələrin sayı 999,8 min olub. Bu, 2019-cu illə müqayisədə 3,3 dəfə azdır”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir. Bildirilir ki, 2020-ci ildə mehmanxanalarda keçirilmiş gecələmələrin əsas hissəsi Bakı şəhərinin payına düşür - 58,0 faiz. 9,7 faiz Qəbələdə, 5,5 faiz Qusarda, 4,1 faiz Qubada və digər rayonlarda qeydə alınıb.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2019-cu illə müqayisədə 5,4 dəfə azalaraq 416,7 min olub ki, bu da ümumi gecələmələrin 41,7 faizini təşkil edir. Gecələmələrin 14,4 faizi Rusiya Federasiyası, 9,2 faizi Səudiyyə Ərəbistanı, 9,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 8,7 faizi Türkiyə vətəndaşlarının payına düşüb.
Məlumata görə, 2020-ci ildə mehmanxanaların gəlirləri 2019-cu illə müqayisədə 3,9 dəfə azalaraq 116,8 milyon manat olub.