"Dərman mafiyası" iki naziri devirə bilər
11:35 22-01-2013
CƏMİYYƏT
"Dərman mafiyası" iki naziri devirə bilər
Oqtay Şirəliyevlə Şahin Mustafayevi gözləyən böyük təhlükə
Azərbaycanda bütün apteklərdə satılan dərmanlar üçün vahid qiymət siyasətinin tətbiqi nəzərdə tutulur. Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, hazırda eyni dərmanlar müxtəlif apteklərdə fərqli qiymətlərə satılır. Dərman vasitələri üçün vahid qiymətin tətbiqi məqsədilə artıq Səhiyyə Nazirliyi İqtisadi İnkişaf Nazirliyi ilə birgə müzakirələr aparmağa başlayıb. "Hazırda müxtəlif apteklərdə eyni dərmanların qiymətləri müxtəlifdir. Bu gün Səhiyyə Nazirliyinin İqtisadi İnkişaf Nazirliyi ilə birgə apardığı iş ondan ibarətdir ki, gələcəkdə dərman vasitələrinə vahid qiymət qoyulsun və müxtəlif ünvanlarda satılan eyni dərmanın qiyməti eyni olsun. Yəqin ki, yaxın zamanlarda Azərbaycanda da bunun tətbiqinə start veriləcək", deyə nazirlikdən əlavə edilib.
SN-dən deyilib ki, vahid qiymət siyasəti tətbiq edildikdə Azərbaycanda dövlət qeydiyyatına alınmış və dövlət reystrinə daxil edilmiş bütün dərman preparatlarının qiymətləri həm özəl, həm də dövlət apteklərində eyni, təsdiq olunmuş qiymət əsasında olacaq.
Qeyd edək ki, hazırda İranda da bütün apteklərdə dərmanlar üçün vahid qiymət tətbiq edilir. Bu qiymətlər ölkənin Səhiyyə Nazirliyi tərəfindən müəyyən olunur.
Mövzu ilə bağlı "Unikal"a danışan adının çəkilməsini istəməyən ekspert isə belə bir qərarın verilməsini təqdirəlayiq addım hesab edir. Bununla belə, ekspert məsələ ilə bağlı ilginc məqamlara toxunur.
Onun fikrincə, ölkədəki "dərman mafiyası" bu cür qərarın qəbuluna qarşı var gücü ilə müqavimət göstərəcək: "Rəsmi məlumatdan göründüyü kimi, dərman bazarında vahid tariflərin müəyyənləşdirilməsi hazırda səhiyyə naziri Oqtay Şirəliyevlə iqtisadi inkişaf naziri Şahin Mustafayev tərəfindən birgə məsləhətləşmə mövzusudur. Hesab edirəm ki, onlar Azərbaycan reallığında kifayət qədər riskli bir işə giriblər və güclü və gizli əllərin himayə etdiyi "dərman mafiyası" onları məlum təşəbbüsdən geri çəkilməyə məcbur etmək üçün əllərindən gələni edəcəklər. Çünki belə qərarın qəbulu dərman bazarındakı hegemon güclərin gəlirlərinə mənfi təsir göstərəcək".
Ekspertlər fikirlərini əsaslandırmaq üçün xatırladır ki, hələ 2011-ci ildə "Milli dərman siyasəti" layihəsinə əsasən, dərman siyasətində dəyişiklik olacağı, bunun üçün öncə Milli Dərman Komitəsinin yaradılacağı nəzərdə tutulurdu. "O vaxt bu barədə məlumatı Səhiyyə Nazirliyinin mətbuat xidməti verdiyini yaxşı xatırlayıram. Nazirlik rəsmən bəyan etmişdi ki, qiymət siyasətinin dövlət tərəfindən tənzimlənməməsi nəticəsində dərmanlar üçün uyğun vahid yoxdur, bərabər qiymətlərin müəyyənləşdirilməsinə nail olmaq mümkün deyil. Amma bu layihəyə uyğun olaraq nümunəvi qiymətləndirmə sistemi yaradılacaq və "dərman vasitəsi istehsal olunduğu ölkənin bazarındakı satış qiymətindən yüksək qiymətə satılmamalıdır" prinsipi ilə işləyəcək. Qiymətlərin tənzimlənməsi üçün nümunə kimi seçiləcək ölkələrin siyahısı tərtib olunacaq. Azərbaycan qiymət müqayisəsi üçün qonşu ölkələrin təcrübəsini öyrənəcək. Amma sonradan bu istiqamətdə heç bir konkret addımın atıldığının şahidi olmadıq, Milli Dərman Komitəsinin yaradılması ideyası da kağız üzərində qaldı. Səbəb də heç şübhəsiz Şirəliyevin nazirliyinin atmağa hazırlaşdığı addımların "dərman mafiyası" tərəfindən təpki ilə qarşılanması və onların buna mane olması idi. Aradan iki il keçdikdən sonra yenidən bu mövzu gündəmə gəlib, odur ki, hər şeyin rəsmi məlumatda göstərildiyi üzrə getməsinə inanmaq çətindir. Dərman bazarındakı inhisarçı güclər yenə hərəkətə keçəcəklər və mümkün olduğu qədər dərman bazarında vahid qiymət siyasətinin müəyyənləşməsini əngəlləmək istəyəcəklər. Fikrimcə, onların yenə də öz istədiklərinə çatması daha realdır" deyə ekspert bəyan edib.
Mənbəmiz "dərman mafiyası"nın "əlinin kifayət qədər uzun olması" səbəbindən hətta Azərbaycan səhiyyəsi üçün inqilab sayılacaq qərarın önünü kəsmək üçün bu məsələdə birgə hərəkət edən iki nazirin - Oqtay Şirəliyevlə Şahin Mustafayevin mövqelərini laxlada bilməsi ehtimalını da yüksək qiymətləndirir. "Ola bilər ki,yetərincə güclü dayaqlara, iqtidariçi proseslərə təsiretmə imkanlarına malik olan dərman monopolistləri iki naziri hətta görəvdən alınmasının bir addımlığına gətirsinlər" deyə ekspert bu istiqamətdə proseslərin necə inkişaf edəcəyinə aydınlıq gətirərək fikirlərini tamamlayıb.
Günel Əkbər
Digər Xəbərlər
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00
2024-12-28 16:07:47
2024-12-28 16:03:34
2024-12-28 15:59:00