Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı növbəti bəyanatla çıxış edib.
Unikal.org-un məlumatına görə, bəyanatda bildirilir ki, Baş Qərargahın rəhbər heyətinin fevralın 25-də səhər yaydığı bəyanat kiminsə yönləndirilməsi ilə verilməyib və kiminsə təzyiqi altında yayılmayıb.
“Bu, yeganə məqsədi böhranlı anda Vətənin xilası işinə xidmət etmək olan general və zabitlərin inamıdır. Biz bu aydın mövqeyimizi bir daha təsdiqləyirik”, - deyə bəyanatda vurğulanır.
Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı fevralın 25-də Baş nazir N. Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib.
N. Paşinyan Baş Qərargahın bəyanatını hərbi çevrilişə cəhd adlandırıb. O, Baş Qərargah rəisi Onik Qasparyanı vəzifəsindən azad etdiyini açıqlayıb.