Ermənistandan fərqli olaraq, Azərbaycana heç kim kömək etmirdi. Biz hər şeyi öz hesabımıza əldə etmişik. Ermənistan kimi heç vaxt gedib qapı-qapı gəzməmişik, özümüzü alçaltmamışıq, yalvarmamışıq, yardım heç kimdən istəməmişik.
Unikal.org xəbər verir ki, bu barədə Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın VII qurultayındakı çıxışında bildirib.
Dövlətimizin başçısı deyib: “İqtisadi müstəqillik həm hazırlıq baxımından, həm siyasi müstəqilliyin möhkəmləndirilməsi baxımından əsas şərt idi. Buna da nail olduq. Bu gün heç kimdən asılı deyilik. İstənilən meyar üzrə, istənilən parametr üzrə iqtisadi sahədə ən qabaqcıl yerlərdəyik. İstər xarici borc, istər iqtisadi artım və istərsə də adambaşına düşən valyuta ehtiyatları baxımından. Yəni, istənilən meyar üzrə biz qabaqcıl yerlərdəyik və bu sahədə şəffaflığı təmin etdik”.
Prezident qeyd edib ki, çox mötəbər təşkilat tərəfindən dünyanın 60-dan çox suveren fondlarının təhlili aparılıb. Bütün parametrlər və meyarlar üzrə Azərbaycan Dövlət Neft Fondu beşinci yerdədir.
“Mən demişəm, bu siyahı dərc edilsin, hər kəs görsün ki, hansı ölkələrin suveren neft fondları yaxud da, ehtiyat fondları orada göstərilib. Görün, biz kimləri qabaqlamışıq. Görün, Davos İqtisadi Forumunun hesabatına baxın, biz iqtisadi inkişaf, infrastruktur layihələri baxımından inkişaf etmiş ölkələri qabaqlamışıq. Kimsə bizə kömək edib? Yox. Borca girmişik? Yox. Bizim xarici borcumuz ümumi daxili məhsulun cəmi 18-19 faizini təşkil edir, bir də bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan 5-6 dəfə çoxdur. Biz indi istəsək sabah, birisi gün, bir aydan sonra bütün xarici borcumuzu ödəyə bilərik. Yəni, bu nailiyyətləri öz zəhmətimiz hesabına qazanmışıq, işğal olunmuş ölkə kimi qazanmışıq, çox çətin geosiyasi vəziyyətdə olan ölkə kimi qazanmışıq. Bu, Vətən müharibəsi üçün iqtisadi, siyasi, daxili sabitlik sahələrində hazırlıq. İndi baxın, Azərbaycana nə qədər xaricdən investisiyalar qoyulur. Bunun əsas amili daxili sabitlikdir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.