Martın 9-da Yaponiyanın nüfuzlu “fnn.jp” portalı özünün İstanbul bürosunun rəhbəri Yasuhiko Şimizunun Azərbaycana səfərindən, həmçinin Qarabağ həqiqətlərindən bəhs edən analitik məqaləsini yayıb.
Unikal.org xəbər verir ki, məqalədə Ermənistanla Azərbaycan arasındakı münaqişənin tarixi və səbəbləri barədə danışılır. Bildirilir ki, tərəflər arasında ötən ilin sentyabrında başlayan və 44 davam edən müharibə Azərbaycanın tam qələbəsi ilə başa çatıb, işğal altındakı ərazilərimiz azad olunub.
Azərbaycan hökuməti tərəfindən 2021-ci ilin fevralında təşkil olunan müsahibələr turuna qatıldığını deyən müəllif cəmi üç ay əvvəl döyüşlərin getdiyi ərazidə gördüyü həqiqətləri, hadisələrin şahidlərindən aldığı müsahibələri oxuculara təqdim edir. Azərbaycanın tarixi ərazisi olan Qarabağın Ermənistanın dəstəyi ilə erməni separatçıları tərəfindən ötən əsrin 90-cı illərində işğal edildiyi qeyd olunur. Bildirilir ki, dünyanın heç bir dövləti, o cümlədən Yaponiya qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımayıb.
Ermənistan ordusunun Birinci Qarabağ müharibəsi zamanı törətdiyi qırğınlara toxunan müəllif onların arasında Xocalı soyqırımının xüsusi yer tutduğunu qeyd edir. Bildirir ki, bu soyqırımı zamanı mülki əhaliyə qarşı görünməmiş qətliam törədilib. 1992-ci il fevralın 25-26-da törədilən qırğın nəticəsində əksəriyyəti qadınlar, uşaqlar və yaşlı insanlar olmaqla, 613 nəfər qətlə yetirilib. Törədilən vəhşiliyi təsvir etmək üçün söz tapmaq çox çətindir.
Məqalədə müəllif bu qətliamın canlı şahidi olmuş keçmiş döyüşçü Əkbər Rüstəmovun sözlərinə də geniş yer verib.
Eyni zamanda, müəllif Xocalıdan qaçan insanların toplaşdığı Ağdam şəhərində gördüklərini təsvir edir. Bildirir ki, o vaxt bu şəhərə də hücum edən ermənilər burada çoxlu sayda mülki insanı öldürüblər. Ağdamın tamamilə dağıdıldığını diqqətə çatdıran müəllif şəhərdəki məscidin minbərindən ətrafı dəhşətlə müşahidə etdiklərini vurğulayır. Bildirir ki, buradakı dağıntının həcmi onların gözlədiklərindən daha çoxdur və bu şəhəri əbəs yerə “Qafqazın Xirosiması” adlandırmışlar. Məscidin minbərindən seyr etdiyi mənzərənin ona sanki min illər əvvəllərin dağıntılarını xatırlatdığını qeyd edən müəllif bu ərazidən bufer zona kimi istifadə edildiyini diqqətə çatdırır. Məhz həmin məsciddə qarşılaşdığı qadının azyaşlı qızını itirməsi barədə acı xatirələrini oxuculara təqdim edir. Yazır ki, öz bədəni ilə qızını xilas etməyə cəhd göstərən ana buna nail ola bilməyib və həlak olan qızını məscidin yaxınlığında dəfn edib. Faciədən 30 il sonra qızının qəbrini ziyarət etmək üçün bu əraziyə gələn ana onu tapa bilmir. Qeyd edir ki, yaxınlarını həmin ərazidə dəfn edən digər insanlar da onların qəbrini tapmaqda çətinlik çəkirlər. Çünki ərazidəki qəbirlər ermənilər tərəfindən tamamilə dağıdılıb.
Müəllif, həmçinin bildirir ki, ərazi ermənilər tərəfindən minalanıb və bu, real təhlükə mənbəyidir.
Məqalədə əcnəbi jurnalistlərin Azərbaycan Ordusunun düşmən işğalından azad etdiyi digər ərazilərdə də olduqlarını bildirən Y.Şimuzu Laçın dəhlizinin əhəmiyyətini xüsusi vurğulayır.
Məqalənin müəllifi qeyd edir ki, işğal edilmiş ərazilərdəki evlərin damları, qapı və pəncərələri sökülüb, ərazidəki ağaclar kəsilib. Müharibədən sonra bu əraziləri tərk edən ermənilər gedərkən də misli görünməmiş dağıntılar törədib, yaşayış üçün bütün şəraiti məhv ediblər.
Sonda müəllif müharibədə məğlub olmuş Ermənistandakı vəziyyətə də toxunur, bu ölkədə etirazların davam etdiyini bildirir.
Yazıda Yaponiya hökumətinin BMT agentliyi vasitəsilə ərazidə humanitar vəziyyəti yaxşılaşdırmaq üçün maddi yardım göstərdiyi qeyd edilir. Bildirilir ki, Azərbaycan hökuməti Yaponiyanın həm müharibənin gedişində, həm də ondan sonra yürütdüyü siyasətdən razıdır.
Məqalədə səfər zamanı müəllif tərəfindən çəkilmiş fotolara da geniş yer verilib.