Azərbaycan Xarici işlər Nazirliyi (XİN) Los-Anceles Ali Məhkəməsinin Türkiyənin bu şəhərdəki Baş konsulu Kamal Arıkanın qatili olan erməni terrorçu Hambiq Sasunyanı azad etməsinə münasibət bildirib.
Unikal.org xəbər verir ki, məsələ barədə XİN-in tvitter hesabında paylaşım edilib.
“Diplomatı qətlə yetirmiş və islah olunmamış terrorçu H.Sasunyanın azad edilməsi çox səhv addımdır. Bu, xüsusilə dünyanın ən böyük diplomatik korpuslarından biri olan dövlətdə diplomatiyanın maraqlarına zərər verəcək.
1982-ci ildə Los-Ancelesdə öldürülən Kamal Arıkana hörmətlə…”
Qeyd edək ki, Türkiyənin Los-Ancelesdəki baş konsulu Kamal Arıkan 28 yanvar 1982-ci ildə bu şəhərdə erməni terrorçular Hambiq Sasunyan və Krikor Saliba tərəfindən qətlə yetirilib. Həbs edilən H.Sasunyan ömürlük həbsə məhkum olunub, qaçmağa nail olan K.Salibanın isə həmin il Livanda vətəndaş müharibəsində öldüyü iddia edilib.
Bu gün Los-Anceles Ali Məhkəməsi erməni terrorçunun lehinə qərar çıxarıb. Türkiyə XİN bu qərara kəskin reaksiya verib.