İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işarə olunmamış minalı ərazilərlə bağlı bəyanat yayıb.

Ombudsman Aparatından Unikal.org-a verilən məlumata görə, bəyanatda Azərbaycanın işğaldan azad olunmuş ərazilərində insanların həyatı, sağlamlığı və təhlükəsizliyinə təhdid olan işarə olunmamış minalı ərazilərlə bağlı ciddi narahatlıq ifadə edilib.

Qeyd olunub ki, azad olunmuş şəhər və kəndlərin Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə dağıdılması ilə yanaşı, ərazilər işarə olunmadan minalanıb:

“İşğal müddətində həmin ərazilərdə yüz mindən artıq mina yerləşdirilib və Ermənistan hələ də bu minaların xəritəsini verməkdən imtina edir”.

Bəyanatda vurğulanıb ki, 1949-cu il tarixli Cenevrə Konvensiyalarının I Əlavə Protokoluna əsasən, hədəfi fərqləndirməyən silahların istifadəsi qadağandır.

Ermənistan insanların həyat və sağlamlığının qorunmasını təmin etmək üçün qeyd-şərtsiz minalanmış ərazilərin xəritələrini Azərbaycana təqdim etməlidir.