Xəbər verdiyimiz kimi, hakim Yeni Azərbaycan Partiyasının bir neçə gün öncə keçirilən qurultayında mühüm dəyişikliklər oldu.
Bu və ya digər məsələlərlə bağlı “Unikal”a müsahibə verən Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Cavid Osmanov maraqlı məqamlara toxunub.
Millət vəkili Yeni Azərbaycan Partiyasının VII qurultayında həyata keçirilmiş dəyişikliklərdən danışıb. O bildirib ki, I Vitse-prezident Mehriban Əliyevanın YAP sədrinin I müavini təyin olunması partiyanın hədəfləri baxımından yeni istiqamətlər açıb: “Mehriban xanım Əliyevanın siyasi fəaliyyətinə, ölkəmizin ictimai-siyasi həyatında roluna, beynəlxalq aləmdə Azərbaycanın tanıdılması üçün, tolerantlıq və multikulturalizm dəyərlərimizin tərənnüm edilməsi üçün işlərinə, böyük idman və gənclər tədbirlərinin təşkilatçılığı baxımından yanaşmasına nəzər salanda görərik ki, Mehriban xanımın I vitse-prezident təyin olunmasından sonra dövlət idarəçiliyində bir sıra yeni istiqamətlər açılıb. Ümumiyyətlə, YAP-ın qarşısında böyük hədəflər var. Cənab prezidentimiz də qurultaydakı çıxışında bildirdi ki, tolerantlıq mühitinin, multikultural dəyərlərin nəinki qorunması, saxlanması, hətta inkişaf etdirilməsi YAP qarşısındakı hədəflərdən biridir. Bu baxımdan Mehriban xanımın həm ölkə daxilində, həm xarici ölkələrdə dini və tarixi abidələrin bərpası, mədəniyyət sahəsində gördüyü işlər, o cümlədən Milli Məclisin deputatı olduğu dönəmdə atdığı vacib addımlar, xüsusən I vitse-prezident təyin olunduqdan sonra cənab prezidentimizin ən yaxın silahdaşı kimi dövlət idarəçiliyində şəffaflığın təmin edilməsi, neqativ halların aradan qaldırılması istiqamətində atdığı vacib addımlar göz önündədir. YAP-da bir sıra yeniliklər və dəyişikliklər edildi. Yadınızdadırsa, yerli icra hakimiyyəti orqanlarında bəzi həbslər zamanı YAP-ın rayon təşkilatının nümayəndələrinin də bu işin içində olması üzə çıxmışdı. Çox xoşagəlməz bir hal idi. Təmizlənmə xarakterli müəyyən işlər də bu istiqamətdə görülür və görüləcək. Mehriban xanım da sədrin I müavini kimi görülən işlərə öz töhfəsini verəcək”.
Deputat bildirib ki, YAP təkcə ölkənin ən böyük siyasi təşkilatı deyil, həmçinin Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır və hakim partiyadır: “Cənab prezident qurultayda 91-lərin fəaliyyətinə çox böyük qiymət verdi. Onların 90-cı illərin əvvəllərində təşəbbüslə çıxış etməsini yüksək qiymətləndirdi. Əlbəttə ki, zaman keçir və onunla ayaqlaşmaq lazımdır. Müasir zaman yeni çağırışlar tələb edir. Bu baxımdan yeni düşüncələrə ciddi ehtiyac var. Ürəkdən YAP-a bağlı olan insanlar VII qurultaydan sonra da partiyanın fəaliyyətində iştirak edəcəklər. Yeni formalaşan rəhbərliyə dəstək olmaq, yardımçı kimi çıxış etmək vacibdir. Bu partiya 3-5 nəfərdən ibarət bir partiya deyil. 760 min çox böyük bir rəqəmdir. Təxminən ölkə əhalisinin 8 faizi deməkdir. Hər bir YAP üzvünün atdığı addımlar örnək olmalıdır. YAP rəhbərliyindəki insanlar atdıqları addımlarla, danışıqları ilə, həyat tərzi ilə çalışmalıdırlar ki, YAP-a nifrət yox, rəğbət gətirsinlər. İşimizi elə qurmalıyıq ki, qarayaxma kampaniyası aparanlar tək qalsınlar və onlara heç qulaq asan da olmasın. YAP-ın həyatında yeni bir dönəm başlayır və qarşımızda yeni missiyalar var”.
Söhbətləşdi: Zaur Əhməd
Operator: Müzəffər İsmayılov