Bu gün Milli Məclisin sədri Sahibə Qafarova Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkov ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Unikal.org-a verilən məlumata görə, sədr bildirilib ki, ölkələrimiz dövlət müstəqilliyini bərpa etdikdən sonra bu münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəlib.
Sədr qeyd edib ki, iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsində parlamentlərimiz də öz töhfəsini vekməkdədir. Hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qrupları fəaliyyət göstərir. Deputatların qarşılıqlı səfərləri, nüfuzlu beynəlxalq qurumlarda görüşləri tərəfləri maraqlandıran məsələlərin müzakirəsi baxımından çox önəmlidir.
Görüşdə Sahibə Qafarova 44 günlük Vətən müharibəsi dönəmində Azərbaycanın öz torpaqlarını erməni qəsbkarlarından azad edərək, 30 illik işğala son qoyduğunu deyib. Milli Məclisin Sədri problemin həllində Belarusun hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə minnətdarlığını ifadə edib.
Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkov təmsil etdiyi ölkənin Azərbaycanla əlaqələrin inkişafına böyük maraq göstərdiyini söyləyib. Qeyd edilib ki, dövlət başçıları arasındakı dostluq münasibətləri iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişafına da təsir edir.
Qonaq bildirib ki, parlamentlər səviyyəsində əlaqələrin daha da dərinləşməsi xalqlarımızın ümumi mənafelərinə xidmət edir. Nümayəndə heyətlərinin səfərləri əlaqələrin genişlənməsi və informasiya mübadiləsi baxımından əhəmiyyətlidir.
Səfir Vətən müharibəsində Azərbaycanın azad etdiyi ərazilərdəki vəziyyətlə yaxından tanış olduğunu, ölkəsinin hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha qeyd edib.
Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında danışılıb.