44 günlük Vətən Müharibəsi Azərbaycanın qələbəsi ilə nəticələnsə də, cəmiyyətdə narahatlıq hələ də davam edir. Xüsusən də Azərbaycanın tam nəzarətində olmayan, sülhməramlı qüvvələrin yerləşdiyi ərazilərlə bağlı müəmmalı vəziyyət birmənalı qarşılanmır. Bu və ya digər məsələlərlə bağlı “Unikal” qəzetinə müsahibə verən Borçalı Cəmiyyətinin sədri, siyasi şərhçi Zəlimxan Məmmədli diqqətçəkən məqamlara toxunub.
Unikal.org həmin müsahibəni təqdim edir.
-Zəlimxan bəy, Azərbaycan Vətən Müharibəsini qələbə ilə başa vursa da, Dağlıq Qarabağda erməni problemi hələ də qalır. Sizcə, bu məsələ necə həll olunmalıdır?
-Mənim fikrimcə, Vətən Müharibəsində fiziki olaraq uğurumuz olsa da, siyasi, strateji tərəfdən ciddi təhdid altına salınmışıq. İşğalçı qoşun beynəlxalq statusu olmadan sülhməramlı kimi ölkəmizdədir. Siyasi-ideoloji hədəfləri keçən 4 ay ərzində düşmənimizi himayəyə və dövlətçiliyimizi təhdidə yönəlib. Azərbaycan siyasi hakimiyyəti dirəniş göstərmək cəsarətində deyil. Bu problemin birdəfəlik həll yolu milli iradənin hakimiyyətə daşınmasından bilavasitə asılıdır. Digər bütün variantlarda uğursuzluq bizi təqib edəcək. Rusiya, Ermənistan və Azərbaycan arasında vasitəçilikdə qaldıqca bu problem həll olunmayacaq. Azərbaycan-Ermənistan birbaşa təmasları sülh sazişi yolunu açmaq üçün ən ideal, bu, olmayacaqsa, Azərbayca-Türkiyə, Rusiya-Ermənistan formatı sülhə aparan optimal yol sayıla bilər. Sülh sazişi yoxdursa, deməli, problem qalır və qalacaq.
-Cəmiyyət tərəfindən “terrorçu başı” Araik Arutunyanın zərərsizləşdirilərək, həbs olunması istəyi var. Bu yöndə hansı addımları atmaq olar?
- Bu yöndə addım atmaq üçün radikal formada hakimiyyətdə yuva salan 5-ci kalon və erməniyanlılar radikal formada zərərsizləşməlidir. Əksər dövlət hakimiyyət orqanları təəssüf ki, yad ünsirlərlə doludur. Nicat xalqımızın cəsarətinə və onun içərisindən çıxmış milli siyasi qüvvələrin idrakına, bu reallaşarsa, Türkiyənin himayəsinə birbaşa bağlıdır.
-Sizcə, Qarabağda anti-terror əməliyyatları keçirilə bilərmi, keçirilərsə, Rusiya sülhməramlılarının reaksiyası necə olacaq?
- Qarabağda antiterror addımları atmaq üçün bütün hüquqi, siyasi, mənəvi əsaslarımız var. İnsanlarımıza, ərazimizə, tarixi abidələrimizə, el-obalarımıza qarşı həyata keçirilmiş soyqırımlar əsas verir ki, bunu edənləri cəhənnəmə qədər qovaq. İdeoloji-siyasi işğal və hakim komandanın milli maraqları firqə maraqlarına qurban verməsi qarşımızda duran ən böyük maneədir. İndiki durumda tək çıxış yolu və səviyyəli əməliyyatlar keçirmək Prezidentin hakimiyyət-milli qüvvələr-xalq birliyini stimullaşdırmasından, reallaşmasından asılıdır. Bu ağrısız və az itkisiz yoldur. Bu dərk olunmazsa, milli qüvvələr - xalq və ordu vəhdəti aparıcı olacaq. Rusiyanın hoqqalarına qısıla-qısıla, “o böyükdür, biz balacayıq” təslimçi mövqeyi ilə yanaşacayıqsa, uduzacağıq. Biz güclüyük və Rusiyanın ölkəmdə lotuluq etmə imkanlarının qarşısını bütün vasitələrlə almağa borcluyuq. Rusiyanı bizim onunla dirənişdən çəkinmədiyimizə inandırmalıyıq.
-Son dövrlər hakimiyyətyönlü siyasilər, deputatlar belə bir əməliyyatın keçirilməsinin mümkünlüyünü və Rus qoşunlarının da buna mane olmayacağı ilə bağlı fikirlər səsləndirməkdədirlər. Necə düşünürsünüz, bu mövqedə olanlara haqг qazandırmaq olarmı?
- Hakim siyasi kursa dəstək verənlər arasında elə cəsarət sahibini tanımıram. Əgər deyən varsa, buna haqq edirlər. Rusiya Azərbaycanın suveren hüquqlarını pozur və bu milli mənafeyimizə təcavüzdür. Təəssüf ki, bu gün dirəniş üçün parlament, hökumət dayanıqlı deyil. İnformasiya təhlükəsizliyimiz zay durumdadır. Bu cəsarəti hakimiyyətə daşımaq üçün təcili Prezidentin rəhbərliyində milli etimad hökuməti yaradılmalı və təxirəsalmadan parlamentin buraxılması və demokratik yolla milli iradənin gücü ilə formalaşmış parlamentə ehtiyac var.
-Belə bir situasiyada Türkiyə ilə müttəfiqliyimiz Azərbaycanın əlini hansı formada gücləndirəcək?
- Türkiyə ilə inteqrasiyamızda ciddi tormozlanmanı müşahidə edirəm. Türkiyə ilə günü sabahdan təhlükəsizlik, müdafiə, strateji məsələlərlə bağlı ciddi müqavilələrə ehtiyac var. Türkiyə-Azərbaycan konfederasiyası tərəddüd etmədən siyasi gündəmə daşınmalıdır. Mövcud durumda Prezidenti tək görürəm. Sadaladığım strukturlar dayanıqlı deyil. Prezident təxirəsalmadan hansı cinahdan olmasından asılı olmayaraq ağıllı təklifləri dəyərləndirməli, demokratiyaya açılımla bağlı yol xəritəsini müəyyənləşdirmək iradəsi göstərməlidir. Türkiyə bütün variantlarda Azərbaycanın yanında olduğunu və olacağını gur səslə dəfələrlə bəyan edib. Çatışmayan, bunun qarşılığının verilməsinə siyasi iradənin qısırlığıdır.
-Zəlimxan bəy, Türkiyə-Rusiya monitorinq mərkəzinin fəaliyyəti qarşıdakı dövr üçün nə vəd edir?
-Rusiya-Türkiyə monitorinq mərkəzi ümid yeridir. Türkiyənin gec, ya tez bölgədə oturuşması üçün bir dayaqdır. Rusiya, indiki durumda bütün vasitələrlə Türkiyənin gücünün konflikt zonasına girməsini bütün vasitələrlə əngəlləməkdədir. Rusiyanın isə öz milli-strateji maraqları naminə tərəddüd etmədən reallaşdırmaq istiqamətində fəaliyyətdədir. Hakimiyyətimizin bu hoqqalara susqunluğu isə hakimiyyətimizin Rusiyanın öz lahiyəsi olması haqqında ciddi rəy formalaşdırmaqdadır.