“Son bir neçə həftə ərzində Ermənistan və Azərbaycanda keçirilən yüksək səviyyəli məsləhətləşmələrdən sonra Brüsselə qayıtdıq. Rəhbərliklərin 2020-ci ildəki genişmiqyaslı hərbi əməliyyatlardan sonra problemlərin həlli üçün Avropa İttifaqı ilə işləmək istəkləri bizə güc verib”.
Unikal.org xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar tvitter hesabında yazıb.
“1990-cı illərdən bəri itkin düşənlərin meyitlərinin tapılması ilə bağlı səylərin davam etdirilməsi, həlledici addımların atılması, bütün əsirlərin dərhal geri qaytarılması, minaların təsirinin aradan qaldırılması, mövcud ehtiyaclarla bağlı işbirliyi kimi etimad tədbirlərinin görülməsi zəruridir.
Bundan başqa, mənfi ictimai ritorikanı dayandırmaq çox vacibdir. Mövcud problemlər kontekstində Aİ-nin həm Ermənistana, həm də Azərbaycana köməyi üçün ən faydalı ola biləcəyi məsələlərdə məsləhətləşmələr aparmaq məqsədilə tezliklə regiona qayıtmağı planlaşdırırıq”, - T.Klaar qeyd edib.
Qeyd edək ki, T.Klaar martın 10-da Azərbaycana səfər etmişdi.