Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov bu ölkənin Təhsil naziri Milton Ribeiro ilə görüşüb.
Azərbaycanın Braziliyadakı səfirliyindən Unikal.org-a verilən məlumata görə, görüş zamanı səfir ölkəmizdə təhsil sahəsinə ayrılan diqqət, aparılan geniş islahatlar, əhalinin demək olar ki, tam əksəriyyəti təhsili olduğunu, bu sahənin dövlət üçün prioritet olduğunu bildirib. Ölkədə dövlət tərəfindən maliyyələşən məktəb və universitetlərlə yanaşı, özəl təhsil müəssisələrin fəaliyyət göstərdiyi də diqqətə çatdırılıb.
Qeyd olunub ki, hazırda Azərbaycanın ali təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə yüzlərlə xarici tələbələr təhsil alır və bu da ölkəmizdə təhsilin səviyyəsinin yüksək olduğunun göstəricisidir. Bununla yanaşı, Azərbaycan bir sıra beynəlxalq təşkilatların üzv dövlətlərinin vətəndaşları üçün təhsil təqaüdü ayırır və onlarla insan bu imkandan yararlanır.
Braziliyaya gəldikdə bildirilib ki, Rio de Janeyro şəhərində Azərbaycanın adını daşıyan bələdiyyə məktəbi fəaliyyət göstərir. Bununla yanaşı, Braziliyanın bir neçə universitetində Azərbaycanın mültikulturalizm modelinə həsr edilmiş tədris kursları tətbiq olunur və hər iki ölkənin təhsil, tədqiqat və beyin mərkəzləri arasında faydalı əməkdaşlıq qurulmaqdadır.
Öz növbəsində Ribeiro verilən məlumatlara görə qonağa təşəkkürünü bildirib, rəhbərlik etdiyi sahə üzrə ölkəmiz ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb. Bildirib ki, pandemiya dövründə təhsil sahəsi müxtəlif çətinliklərlə üzləşir və bununla əlaqədar təcrübə mübadiləsinin həyata keçirilməsi çox vacibdir. Həmçinin təhsil sahəsinin digər aspektlərinin də əhatəsi üçün ölkələr arasında müvafiq hüququ sənədin imzalanmasının zəruriliyi vurğulanıb.
Sonda qarşılıqlı əməkdaşlığın mümkün perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.