Dövlət Gömrük Komitəsi “Prokter & Gembl Azərbaycan Servisləri” MMC barədə inzibati qaydada protokol tərtib edib.

Unikal.org-un məlumatına görə, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinə əsasən tərtib edilən protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.

İşə hakim Günel Səmədovanın sədrliyi ilə baxılacaq. Baxış iclası aprel ayının 14-ü saat 14:15-ə təyin edilib.

Qeyd edək ki, sözügedən xətanın törədilməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Xatırladaq ki, “Prokter & Gembl Azərbaycan Servisləri” təmizləyici vasitələr və şəxsi qayğı məhsulları istehsalı ilə məşğul olan şirkətdir.

Seymur Əli