"Digər təxribat xarakterli addımlardan biri də qədim Azərbaycan şəhəri, bizim mədəni paytaxtımız olan Şuşada qanunsuz xunta rejiminin, keçmiş Dağlıq Qarabağ rejiminin başçısının andiçmə mərasiminin keçirilməsi idi. Bu, Azərbaycan xalqına qarşı təhqir idi. Qondarma “Dağlıq Qarabağ respublikası”nın qondarma parlamentinin Şuşa şəhərinə köçürülməsi və parlament üçün binanın inşa edilməsi də, - bu bina indi məhv ediləcək, yaxud söküləcək, - təxribat xarakterli addım idi. Yəni, bütün bu addımlar göstərirdi ki, Ermənistan bizi təxribata çəkir, bizdən sərt reaksiya gözləyir və ondan sonra günahı bizim üstümüzə yıxıb, yenə də məsələni daha 30 il uzatmaq istəyir. Biz təxribata uymadıq. Biz özümüzü təmkinli apardıq, beynəlxalq hüququn bütün norma və prinsiplərinə uyğun şəkildə apardıq və belə olan halda Ermənistan keçən ilin yayında bizə qarşı hərbi təxribat törətdi. Ermənistan-Azərbaycan dövlət sərhədində bizim mövqelərimiz atəş altına düşdü. Ermənistan hərbi birləşmələri bizim sərhədimizi keçməyə cəhd göstərdi, bir neçə hərbçimiz həlak oldu. Biz onlara layiqli cavab verdik və onları geri oturtduq. Ancaq biz Ermənistan-Azərbaycan dövlət sərhədini keçmədik. Bir neçə gün davam edən hərbi toqquşma dayandı. Çünki bizim Ermənistan ərazisində müharibə aparmaq niyyətimiz yox idi. Halbuki istəsəydik rahatlıqla Ermənistan ərazisinə daxil ola bilərdik. Ondan bir ay keçəndən sonra – avqust ayında yeni bir təxribat törədildi və Azərbaycana diversiya qrupu göndərildi. Diversiya qrupunun rəhbəri saxlanıldı və ifadə verdi ki, o, terror aktları keçirmək üçün Azərbaycana göndərilmişdir və bu, növbəti təxribat idi. Nəhayət sentyabrın sonlarında bizim hərbi mövqelərimiz və yaşayış məntəqələrimiz artilleriya atəşinə məruz qalmışdır və bunun nəticəsində bir neçə hərbçi və bir neçə mülki şəxs həlak olmuşdur. Biz təbii olaraq buna adekvat cavab verərək, əks-hücum əməliyyatı keçirib düşməni layiqincə cəzalandırdıq və 44 gün davam edən II Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, müharibə dövründə 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi. Bizim tarixi şəhərimiz Şuşa noyabrın 8-də işğalçılardan azad edildi və Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı".
Unikal.org xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündə çıxışı zamanı deyib.
"Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri Bəyanat imzalayıblar. Bu Bəyanat əsasında bizim digər rayonlarımız artıq siyasi yollarla Azərbaycana qaytarıldı. Beləliklə, məsələ hərbi-siyasi yollarla həll olundu. Artıq tam əminliklə demək olar ki, Dağlıq Qarabağ məsələsi, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmışdır. Dağlıq Qarabağ adında hazırda hər hansı bir ərazi vahidi yoxdur. Azərbaycan bu məsələni həll edib, tarixi Zəfər əldə edib və dağıdılmış ərazilərdə bərpa işləri başlayıb", - dövlət başçısı bildirib.