Xarici işlər naziri Ceyhun Bayramov İraqın Azərbaycanın ərazi bütövlüyünə hər zaman dəstək verdiyinə görə bu ölkəyə təşəkkürünü bildirib.
Bu barədə Unikal.org-a XİN-dən məlumat verilib.
Nazir təşəkkürünü aprelin 5-də Azərbaycanda səfərdə olan İraq parlamentinin Xarici əlaqələr komitəsinin sədri Şerko Məhəmməd Saleh Əhməd Kadir Mir Vaisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən çatdırıb.
Azərbaycan ərazilərinin bir hissəsinin 30 ilə yaxın davam edən işğalı dövründə Ermənistan tərəfindən törədilən dağıntılar, qeyri-qanuni fəaliyyət, çoxsaylı müharibə cinayətləri, 44 günlük Vətən müharibəsindən sonra bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri barədə qarşı tərəfi məlumatlandırıb. Ermənistanın həm işğal dövründə, həm də bu əraziləri məcburən tərk etmə mərhələsində azad olunan torpaqları geniş şəkildə mina ilə zəhərlədiyi, hərbi əməliyyatların dayandırılmasına rəğmən minaların yerləri ilə bağlı məlumatı hələ də Azərbaycan tərəfinə təqdim etmədiyi və beləliklə də beynəlxalq humanitar hüququ kobud şəkildə pozmaqda davam etdiyi İraq parlamentarilərinin diqqətinə çatdırılıb. Dünya dövlətlərinin bu məsələyə münasibətdə səssiz qalmamaları və Ermənistana ciddi təsir etmələrinin vacibliyi vurğulanıb.