Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibi yenidən formalaşdırılacaq.
Unikal.org xəbər verir ki, parlamentdə təmsil olunan çoxluq (Yeni Azərbaycan Partiyası), azlıqda olan partiyalar və bitərəflərdən namizədlərini müəyyənləşdirərək, bu gündən başlayaraq təqdim etmələri istənilib.
MSK üzvlüyünə namizədlərlə bağlı məsələnin yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılması gözlənilir.
Qeyd edək ki, MSK 18 üzvdən ibarətdir və Milli Məclis tərəfindən seçilir.
MSK-nın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını (bitərəfləri), 6 üzvü isə deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları təmsil edir. Bitərəf deputatları müstəqil, dövlət qulluğunda olmayan, bir qayda olaraq, hüquqşünaslar təmsil edirlər. Bitərəflərin iki namizədi maraqlı tərəflərlə razılaşdırılır: bir namizəd Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanın nümayəndələri ilə, digər namizəd isə deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaların nümayəndələri ilə. MSK-nın üzvləri ali təhsilli olmalıdırlar.