“Kifayət qədər uğurlu nailiyyətlərimiz olsa da, qarşımızda həllini gözləyən vacib bir sıra məsələlər də var”.
Unikal.org-un məlumatına görə, bunu Təhsil İdarəçiliyi beynəlxalq konfransında çıxış edən təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, uzun illər bundan əvvəl demək olar ki, 98-99 faiz uşaq üçün ümumtəhsil əlçatan olub: “Azərbaycanda ümumilikdə yaşı 6 olan uşaqların təxminən 92 faizi, müxtəlif illərə görə 90 faizindən çoxu məktəbə gedir. Digər uşaqlar arasında bir qədər təhsilə gec qoşulanları da var. Təhsilin inklüzivliyi, xüsusi təhsil imkanları, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilə cəlb olunması ilə bağlı problemlərimiz qalır”.
Nazir qeyd edib ki, Təhsil Nazirliyi tərəfindən məktəbəhazırlıq qrupu üzrə olan uşaqların, yəni 5 yaşından 6 yaşa qədər olan uşaqların məktəblərdə təşkil edilmiş məktəbəhazırlıq qruplarına cəlb edilməsi nəticəsində böyük dəyişiklik baş verir: “Son illərdə bu rəqəm 26 faizdən təxminən 85 faizə qədər qalxıb. Uşaqların hamısı heç olmasa 1 il hazırlığa cəlb olunurlar. Bu islahatın nəticəsini yəqin ki, bir neçə ildən sonra görəcəyik. Çünki məhz bir il məktəbəhazırlıqda iştirak ümumilikdə həm əmək bazarının, həm də ayrı-ayrı vətəndaşların vəziyyətinə müsbət təsir edəcək. Amma digər yaş qruplarında, xüsusilə 1-3 yaş qrupunda əhatəliliyimiz 10 faizdən aşağıdır, 3-5 yaş qruplarında isə şəhər yerlərində bu təxminən 30%, kənd yerlərində isə 20 faizdən azdır. Bu mənada həm bərabər imkanlar, həm əlçatanlıq, həm də keyfiyyət baxımından məktəbəqədər təhsilin və erkən inkişaf layihələrinin olduqca vacib təsirləri var. Ailə əsaslı, icma əsaslı, məktəbəqədər qrupların inkişaf etdirilməsini prioritet hesab etməliyik. Son illərdə Təhsil Nazirliyi tərəfindən başqa bir layihə də icra edilir. Bu gün təxminən 10 minə qədər 3-5 yaşlı uşaq müxtəlif icma əsaslı məktəbəqədər təhsilə cəlb edilib. Düşünürəm ki, bu layihənin də Azərbaycan təhsilinə təsirləri böyük olacaq”.