“Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra əldə etdiyi qələbəni həzm edə bilməyən qüvvələr hələ də mövcududur. İstər Ermənistanın daxilindəki revanşist qüvvələr, istərsə də erməni lobbisi bunu hələ də həzm edə bilmir”.
Unikal.org xəbər verir ki, bunu deputat Cavid Osmanov Milli Məclisdəki çıxışında bildirib.
O qeyd edib ki, ermənilər indi beynəlxalq arenada 10 noyabrdan sonra ələ keçirilən diversantları hərbi əsir kimi təqdim etməyə çalışırlar: “Halbuki onlar cinayətkardırlar. Azərbaycan güclü dövlətdir. Bu konsepsiyanı 2003-cü ildə Prezident İlham Əliyev hədəf kimi qarşıya qoymuşdu və artıq buna nail olunub.
Azərbaycan bölgədə uzun müddətli sülhün tərəfdarıdır. Bu günlərdə AŞPA-da bu məsələylə bağlı Azərbaycana qarşı qərəzli mövqe göstərilib. Əlbəttə, nümayəndə heyəti onların tutarlı cavabını verib. Bundan sonra da onların bu qərəzli fikirlərinə qarşı haqlı mövqeyimizi ifadə etməliyik”.