AŞPA-da nə baş verib?
18:10 02-02-2013
SİYASƏT
AŞPA-da nə baş verib?
Rəşid Hacılı: "Azərbaycan Avropa ailəsinin şıltaq üzvlərindən biri təsirini bağışlayır"
Hazırda ölkədə ictimai rəyi yönəltməyin olduqca sadə bir üsulu tətbiq edilir. Bu üsulun əsas məğzi də ondan ibarətdir ki, diqqəti əsas mətləbdən, başlıca həqiqətdən yayındırmaq üçün ikinci, üçüncü dərəcəli məsələləri qabardaraq ictimai müzakirə obyektinə çevirirlər. Beləliklə də, cəmiyyətin gözünə kül üfürülür... Kül üfürülür ki, korlaşıb yaşadığı mühitin gerçəkliklərindən xəbərsiz olsun... "Hoş ha!" bağırıb ictimai psixologiyanı sürənlər lazımı duzlağa sürənlər yenə də qayışda ülgüclərini itiləyirlər....
Oxucu xatırlayırsa, bir müddət əvvəl Avropa Şurasının Parlament Assambleyasında adıbəlli Ştrasserin Azərbaycanla bağlı etdiyi məruzə ölkə mətbuatında geniş müzakirə edilirdi. Və bu müzakirənin əsas "aşıq atanları" iqtidar mübəlliğləriydilər. Onlar bir səslə nəqərat deyirdilər ki, "Bəs Ştrasser Azərbaycanı elə əvvəldən sevməyib, bizə qarşı erməni mövqeyi tutub".
Bəs bu "bizə qarşı erməni mövqeli Ştrasser" AŞPA-da nədən danışıb?
AŞPA-nın həmin sesiyasında iştirak etmiş Media Hüquq İnstitutunun rəhbəri Rəşid Hacılının dediyinə görə, "Yanvarın 23-də AŞPA-da Azərbaycanla bağlı iki məsələnin müzakirəsi oldu eyni zamanda. Nədənsə hamı Ştrasserin siyasi məhbus hesabatından danışır. Elə bil o biri məsələ - Azərbaycanın üzərinə götürdüyü öhdəlikləri və verdiyi vədləri yerinə yetirməsi barədə Monitorinq Komitəsinin hesabatı kölgədə qalır. Bu hesabatda Azərbaycanda demokratik institutların necə işləməsinin və insan haqlarına əməl olunmasının vəziyyəti qiymətləndirildi. Sənəd barədə qısaca bilgi verməyin gərəkli olduğunu düşünürəm. Avropa Şurası eyni dəyərləri bölüşən ölkələrin əməkdaşlıq etdiyi bir klubdur. Bura üzv olan hər bir ölkə ümumi dəyərlərə hörmət etməlidir. Azərbaycan da bu dəyərlərə - həm demokratikləşməyə, həm də insan haqlarına əməl edəcəyinə söz verib, öhdəliklər götürüb. Azərbaycan dövləti bu vədləri təkcə Avropa Şurasına verməyib. Vətəndaşlar qarşısında da onun öhdəlikləri var. Azərbaycan 10 ildən çoxdur Avropa Şurasının üzvüdür. Təəssüf ki, bu müddət ərzində vədlər tam yerinə yetirilməyib. Azərbaycan bu klubda Avropa ailəsinin şıltaq üzvlərindən biri təsirini bağışlayır, demokratiya və insan haqları sahəsində sistemdən doğan ciddi problemlərin günü-gündən dərinləşdiyi bir ölkəyə çevrilməkdədir. Çoxlu tənqidə baxmayaraq bunları aradan qaldırmaq üçün fundamental addımlar atmağa tələsmirik".
Onun sözlərinə görə, "Avropa Şurası öz üzvlərinə böyük hörmətlə yanaşır. Üzv ölkələr haqqında iradlar mümkün qədər yumşaq, diplomatik dillə ifadə olunur. Təəssüf ki, bütün bunlara baxmayaraq AŞPA-nın Azərbaycanla bağlı son qərarı həddən artıq sərt səslənir. Monitorinq Komitəsinin bütün yumşaltma səylərinə, hesabatı hökumətimizlə intensiv dialoq əsasında hazırlamasına, hökumət nümayəndələrinin bu hesabatı dəstəkləməyə məcbur olmasına baxmayaraq qətnamənin dili olduqca sərtdir. Bunun bir səbəbi var: Azərbaycanda demokratik institutların vəziyyətini, insan haqlarının vəziyyətini bundan daha yumşaq dillə ifadə etmək mümkün deyil.
Qətnamə və ona əlavə olunmuş Açıqlayıcı Memorandum çox böyükdür. Təəssüf ki, dilimizə çevrilməyib, oxucularımızın çoxu onunla yaxından tanış ola bilmir. Mən hesabat və qətnamədən bir neçə sitatı diqqətə çatdırım: "Avropa Şurasına qəbul ediləndən bəri Azərbaycanda hələ bir dəfə də olsun parlament seçkisi demokratik standartlara tam uyğun olmayıb".
"Bəzi qanunların sərt qadağanedici tətbiqi və ya qanunların pozulması qanunun aliliyi və insan haqlarına hörmət məsələlərində getdikcə daha çox narahatlıq doğurmaqdadır".
"Dolğun siyasi sistem və gerçək rəqabətli və əl-qolu bağlamayan siyasi mühit qurmaq adi azadlıqların, o sıradan ifadə azadlığının, toplaşma azadlığı və birləşmə azadlığının tam tətbiq olunmasını tələb edir. Azərbaycandakı vəziyyət narahatedicidir və assambleya bundan dərin narahatlığını ifdə edir".
"Azərbaycanda hakimlərin müstəqilliyinin olmaması, xüsusilə bəzi konkret işlərdə icra hakimiyyətinin onlara təsirinin davam etməsi üzüntü doğurur. Ədalət mühakiməsinin özəlliklə məhkəməyəqədərki mərhələsində ədalətin, bərabərliyin olmaması narahatlıq doğuran başlıca səbəblərdən biridir".
"Assambleya insan haqları müdafiəçilərinin, yerli və beynəlxalq qeyri-hökumət təşkilatlarının fəallara və jurnalistlərə qarşı qurama cinayət ittihamlarından güman olunan istifadə barədə hesabatlarından həyəcan keçirir. Polis qurumlarında işgəncə və başqa qeyri-insani davranış formaları, eləcə də təqsirlilərin cəzasız qalması böyük üzüntülər doğurur".
Rəşdid Hacılının sözlərinə görə, "Qətnamədə Azərbaycan hakimiyyətinə demokratik institutların işləməsinin, məhkəmələrin müstəqilliyinin təmin edilməsi, korrupsiyanın və mütəşəkkil cinayətkarlığın qarşısının alınması, siyasi məhbus və vicdan məhbusları probleminin həll olunması, hüquq mühafizə orqanlarında işgəncələrin və qeyri-insani rəftarın kökünün kəsilməsi və təqsirlilərin cəzalandırılmasıyla bağlı konkret addımlar atmağa dair çağırışlar var. Assambleya hakimiyyətə ifadə azadlığı, toplaşma və birləşmə azadlıqları, vicdan və din azadlıqları sahəsində pozuntuları aradan qaldırmaq və vətəndaşların bu azadlıqlardan istifadəsini təmin etməklə bağlı da çağırışlar edib. AŞPA bildirib ki, Azərbaycanın verdiyi vədləri yerinə yetirib-yetirməməsinin monitorinqini davam etdirəcək. Nəzərə alaq ki, Azərbaycan bu monitorinqin hələ də davam etdiyi bir neçə şıltaq autsayder ölkədən biridir".
Adil
Digər Xəbərlər
2024-12-25 22:51:58
2024-12-25 22:10:12
2024-12-25 20:58:12
2024-12-25 20:30:19
2024-12-25 19:19:09
2024-12-25 18:32:06
2024-12-25 16:28:18
2024-12-25 16:16:43
2024-12-25 16:14:03
2024-12-25 15:50:58
2024-12-25 14:37:01
2024-12-25 14:24:30
2024-12-25 13:25:11
2024-12-25 13:12:39
2024-12-25 13:01:57
2024-12-25 12:53:07
2024-12-25 12:52:03
2024-12-25 12:08:43
2024-12-25 00:31:48