Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında Moskvada görüş keçirilib.

Unikal.org xəbər verir ki, Hökumət Evində keçirilən görüşdə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin artırılması, iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlığa dair aktual məsələlər müzakirə olunub. Bundan əlavə, koronavirus infeksiyası ilə birgə mübarizə məsələsi də nəzərdən keçirilib.

Mixail Mişustin Azərbaycan Prezidenti İlham Əliyevə Rusiya Prezidenti Vladimir Putin, eləcə də öz adından salamlarını və ən xoş arzularını çatdırmağı xahiş edib.

M.Mişustin ölkələrimiz arasında ticarət dövriyyəsinin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb. RF Hökuməti sədrinin sözlərinə görə, pandemiyaya baxmayaraq, bu ilin yanvar-mart aylarında iki ölkə arasında əmtəə dövriyyəsini artırmaq mümkün olub: “Təxminən 3,5 faiz artım qeydə alınıb ki, bu da 680 milyon dollar təşkil edir. Azərbaycanda Rusiya kapitalı ilə işləyən 1000-ə yaxın şirkət fəaliyyət göstərir. Rusiya Azərbaycanla regionlararası əməkdaşlığın inkişafına xüsusi önəm verir”.

Rusiya Baş naziri Dağlıq Qarabağda əməliyyatlar bitəndən sonra Rusiya, Azərbaycan və Ermənistan tərəfindən qəbul olunan üçtərəfli bəyanatın regionun kompleks inkişafı üçün imkanlar açdığını xüsusi vurğulayıb: “Əminəm ki, iqtisadi, nəqliyyat və kommunikasiyaların açılması, yeni infrastruktur marşrutlarının yaradılması Cənubi Qafqaz ölkələrinin maraqlarına cavab verir”.

Öz növbəsində, Baş nazir Əli Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını yetirib. Vurğulayıb ki, Azərbaycan və Rusiya arasında əlaqələr iki ölkə prezidentlərinin qarşılıqlı etimada əsaslanan münasibətləri sayəsində yüksək səviyyədədir: “Azərbaycan Rusiyanın 80-dən çox subyekti ilə iqtisadi əməkdaşlığı uğurla inkişaf etdirir. Ölkələrimiz arasında 230-dan çox hökumətlərarası və müəssisələrarası sənəd imzalanıb, iqtisadi əlaqələr altı “yol xəritəsi” əsasında həyata keçirilir”.

Baş nazir qeyd edib ki, Azərbaycan Prezidenti və hökuməti 44 günlük müharibə zamanı Rusiya Federasiyasının tutduğu mövqeni yüksək qiymətləndirir, Azərbaycan və Rusiya prezidentləri, Ermənistan Baş nazirinin imzaladıqları üçtərəfli razılaşmanın bəndlərinin yerinə yetirilməsinin tərəfdardır.

Ə. Əsədov rusiyalı həmkarını Azərbaycana səfərə dəvət edib.

Danışıqların yekununda tərəflər arasında əməkdaşlığın inkişafına dair birgə sənədlər imzalanıb.