“Biz düşünürdük və əmin idik, ən azından mən belə düşünürdüm ki, diaspor işğal olunmuş ərazilərə çoxlu pul xərcləyir. Çünki hər il onlar vəsait toplamaq üçün marafonlar təşkil edirdilər. Onlar ildə ola bilsin yüz milyondan çox vəsait toplayırdılar. Demək istəyirəm ki, bu, kiçik ərazi üçün, kiçik əhali üçün böyük bir vəsaitdir. Lakin biz bu vəsaiti görmədik. Ermənilərin işğal etdiyi və onların dediyinə görə, “erməni şəhəri” olan Şuşa tamamilə dağıdılmışdı, tam yoxsulluq içində idi”.
Unikal.org xəbər verir ki, bunu Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, onların yaşadığı regionlarda bu investisiyanı görmək mümkün olmayıb: “Ya bu vəsait toplanmayıb, ya da başqa yerlərə yönləndirilib. İndi də diaspor çox qeyri-məhsuldar rol oynayır. Çünki müharibənin nəticəsi aydındır. Müharibə noyabrın 9-dan 10-na keçən gecə dayanmasaydı, Ermənistanın vəziyyəti hətta lap çətin olardı.
Biz doğru vaxtda müharibəni dayandırdıq və planlaşdırdığımıza nail olduq. İndi isə barışmaq vaxtıdır, indi Qarabağda yaşayan ermənilər üçün öz baxışlarını müdafiə etmək və ya gələcəklərini qurmaq üçün yeganə şansın azərbaycanlılarla yaxşı qonşuluq münasibətlərində yaşamaqdan ibarət olduğunu anlamaq vaxtıdır. Odur ki, hesab edirəm, ilk növbədə, diaspor reallığı başa düşməlidir. Onlar başa düşməli və öz siyasətinə bəzi dəyişikliklər etməlidirlər. Bunu edə bilib-bilməməkdən asılı olmayaraq, onların siyasəti uğursuzluğa düçar oldu. Düşünürəm ki, ola bilsin, ilk mesaj Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən də bildirilə bilər: “Sizin siyasətiniz yanlış idi, uğursuzluğa düçar olub və bu, Ermənistanda artıq altı aydan çoxdur davam edən böhrana gətirib çıxarıb” mesajları göndərilməlidir. İkincisi isə, əlbəttə, əks-tarazlıq yaratmaq üçün bizim öz mesajımızı çatdırmaq fürsətimiz olmalıdır. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi reallıqla bağlı mesajın çatdırılması üçün ən əsas strukturlardan biridir. Ümid edirik ki, bu, belə də davam edəcək. Ermənistanın tərəfində diaspor idi, bizim tərəfimizdə isə beynəlxalq hüquq və ədalət var idi. Hadisələrin inkişafı onu göstərdi ki, biz tarixin düzgün tərəfini tutmuşduq”.