QHT-lərə yanaşma sərtləşəcək
10:14 06-02-2013
CƏMİYYƏT
QHT-lərə yanaşma sərtləşəcək
Bu gün Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsində yeni layihələr müzakirəyə çıxarılacaq.
Layihələrin müəllifi deputat Çingiz Qənizadədir. Onun dediyinə görə, sözügedən layihələr "Qrant haqqında", "Qeyri-hökumət təşkilatları, ictimai birliklər və fondlar haqqında", "Dini etiqad azadlığı haqqında" qanunlarda və İnzibati Xətalar Məcəlləsində yenilikləri nəzərdə tutur: "Təklif edirəm ki, QHT-lərə, dini qurumlara, fondlara edilən yardımlar, ianələr və qrantlar şəffaf olsun, həmin yardımlar rəsmi sənədlərdə əksini tapsın, rəsmi şəkildə qəbul olunsun. Eyni zamanda yardım, ianə və qrant formasında pul alan təşkilatlar Maliyyə Nazirliyinə hesabat verərkən əldə etdikləri gəliri göstərsinlər".
Çingiz Qənizadə bildirib ki, xarici ölkələrin rəsmi qurumlarının, beynəlxalq təşkilatların ayırdığı qrant və yardımlar iki tərəf - maliyyəni ayıran və alan tərəflər arasında rəsmiləşdirilir: "Azərbaycanın dövlət orqanlarına bu haqda məlumat verilmir, hesabat təqdim edilmir, həmin pulların hara xərcləndiyi bilinmir. Mənim təklif etdiyim əlavə və düzəlişlərə görə, hər hansı təşkilata xeyriyyəçilik məqsədilə verilən ianə 200 manatdan çoxdursa, onun barəsində hesabat verilməlidir".
Deputat deyib ki, onun təkliflərində QHT-lərin, fondların, ictimai təşkilatların Maliyyə Nazirliyinə hesabat verməsinin məcburi xarakter daşıması, hesabat verməyənlərin inzibati məsuliyyətə cəlb olunması nəzərdə tutulur.
"İqtisadi Təşəbbüslərə Yardım" İctimai Birliyinin eksperti Samir Əliyevin "Unikal"a bildirdiyinə görə, "Dünyanın heç bir hüquqi dövlətində QHT-lər Azərbaycanda olduğu qədər dövlət nəzarətindən keçmir. Qrant alan QHT müqaviləni Ədliyyə Nazirliyinin müvafiq şöbəsinə göndərir. Həmin müqavilədə layihənin məqsədi və məbləği əksini tapır. İkinci nəzarət vergi nəzarətidir. Bu azmış kimi, hökumət QHT-ləri üçüncü nəzarət orqanından asılı vəziyyətə salıb. QHT-lər Maliyyə Nazirliyinə illik dövriyyə barədə məlumat göndərir. Həmin hesabatda təşkilatın bütün xərcləri və gəlirləri əksini tapır. Hesabatların vaxtında və ya heç verilməməsinə görə hər üç qurum QHT-yə maliyyə sanksiyası tətbiq edir. Mərkəzi Bankın nəzdində Maliyyə Monitorinqi Mərkəzi isə QHT-nin hesabının yerləşdiyi bank vasitəsilə maliyyə axınına nəzarət edir. Bu qədər nəzarətin fonunda əlavə nəzarətin tətbiqi QHT-lərin sıradan çıxarılması və hökumətin nəzarəti altına salınması məqsədi güdür. Dövlət qurumları milyonlarla dollar məbləğində qrant layihələri həyata keçirir və onların böyük əksəriyyəti effektiv deyil. Ancaq bu vəsaitlərin təyinatı barədə məlumatlar ictimaiyyətdən gizlədilir. Yaxşı olardı hökumət bu vəsaitlərin şəffaflığının qeydinə qalsın. Azərbaycanda QHT-lər hesabatlılıq baxımından nümunəvi qurumlar hesab olunur. Qanun layihəsini hazırlayan şəxslər ilk növbədə dövlətin milyardlarla ölçülən layihələrində şəffaflıq axtarmalıdırlar. Əgər hökumət doğrudan da QHT-lərin fəaliyyətinə qanun çərçivəsində nəzarət etmək istəyirsə, QHT-lərin qeydiyyatı prosesi sadələşdirilməlidir".
Politoloq Razi Nurullayevin "Unikal"a bildirdiyinə görə, "QHT-lər və digər ictimai birliklərin fəaliyyətini nizamlayacaq yeni qanun layihələrinin ciddi problemlər yaradacağı və QHT-ləri sıradan çıxaracağı ideyası ilə razılaşmıram. Çünki mənim müşahidələrimə görə, ölkədə fəaliyyət göstərən QHT-lər bir qayda olaraq dövlət qurumları qarşısında şəffaf maliyyə hesabatları verir və indiyə qədər bu yöndə hər hansı xoşagəlməz fakt qeydə alınmayıb. Əksinə, hesab edirəm ki, yeni qanun layihəsi hökumət qurumları ilə QHT-lərin arasında üşgüzar mühit yaradacaq".
Ekspertin sözlərinə görə, "Mənim ehtimalıma görə, bu yeni layihələr ölkənin bölgələrində son zamanlar baş vermiş etiraz aksiyalarından sonra gündəmə gəlib. Mən bu məqamda dövlət qurumlarının etdiyi jesti anlayır və qəbul edirəm. Xarici kapitalın ölkənin siyasi-sosial həyatında oynaya biləcəyi neqativ rollar mümkün qədər məhdudlaşdırılmalıdır".
Ekspert hesab edir ki, "Bununla belə, yeni qanun layihəsi ancaq ölkədəki dini konfessiyaların işində ciddi problemlər yarada bilər və fikrimcə, bu, qaçılmaz olacaq. Çünki bir sıra dini icmaların xarici dairələrdən maliyyə yardımı aldığı danılmaz faktdır".
Savalan
Digər Xəbərlər
2024-12-28 22:07:02
2024-12-28 21:32:07
2024-12-28 21:04:54
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00