İranlı ayətullah Jirinovskinin ağzı ilə danışmağa başladı
10:48 07-02-2013
CƏMİYYƏT
İranlı ayətullah Jirinovskinin ağzı ilə danışmağa başladı
Xərrozi bir neçə ölkəyə və o cümlədən Azərbaycana qarşı ərazi iddiası ilə çıxış edib
İranın əmmaməli siyasətçilərinin Azərbaycana qarşı yeri gəldi-gəlmədi ərazi iddiaları irəli sürməsinə bir növ adətkərdə olmuşuq. Onları başa düşmək olar... İranlı məzlum müsəlmanları bu iddialardan zatən çox xoşhal olurlar. Neylək, qoy xoşhal olsunlar... Məgər müsəlman deyilik?
Amma vallahi, billahi bu adətkərdəliyimizin axırı yaxşı olmayacaq.
Ona görə yaxşı olmayacaq ki...
Adolf Hitler almanlar qarşısında ağzı köpüklənə-köpüklənə alovlu nitqlər irad edəndə qocaman alman siyasətçiləri onu "düdəmə feldfebel" adlandırır və qımışaraq bu "düdəmə feldfebelə" əhəmiyyət vermirdilər. Bu laqeydliyin nəticəsi isə o oldu ki, Hitler əvvəlcə parlament seçkilərində ciddi nəticə əldə etdi, sonra Almaniyanın baş naziri, yəni ölkənin kansleri oldu və lap axırda qocaman prezident Hindenburqun yerinə keçdi - prezident oldu.
"Düdəmə feldfebel"in Almaniyanın və ümumən dünyanın başına açdığı oyunlar artıq tarixdir və hamıya bəllidir.
Bəlliliyi öz yerində, amma adama hərdən elə gəlir ki, tarix təkrarlanan düdəməliklərin və təkrarlanan faciələrin vəhdətindən başqa bir şey deyil...
Xülaseyi-kəlam....
Bu ilin yayında islam dininin əzəmətli şəkildə "təntənə və vüsət, dirçəliş" sərgilədiyi (bu sözləri əks mənada anlayın!) qonşu İranda da prezident seçkiləri keçiriləcək. Və orada da iransayağı seçkiqabağı vədlər, şirin sözlər, şirin kəlamlar kampaniyası başlanıb.
Bu şirin şərbətpaylama kampaniyasına başlayanlardan biri də ayətullah Səid Məhəmməd Bokiri Xərrozidir.
Möhtərəm və möhtəşəm cənab Xərrozi bəyan edib ki, "Əgər mən prezident olsam, İrandan ayrılmış Tacikistan, Ermənistan və Azərbaycan torpaqlarını qaytaracağam".
İran saytlarının verdiyi məlumatlara görə, bu sözləri bu il iyun ayında baş tutacaq prezident seçkilərində öz namizədliyini irəli sürmək niyyətində olan ayətullah Səid Məhəmməd Bokiri Xərrozi deyib.
Onun sözlərinə görə, İrandan ayrılmış torpaqların qaytarılması onun seçkiqabağı kampaniyasının əsas proqramı olacaq: "Mən bu torpaqları heç bir damla qan tökmədən qaytaracağam. Mən prezident seçilsəm, İrana qarşı tətbiq olunan bütün sanksiyaları aradan qaldıracam".
Səid Məhəmməd Bokiri Xərrozi əlavə edib ki, onu xalq arasında az tanısalar da, bunu xüsusi taktikanın bir hissəsi kimi təqdim edib.
Qeyd edək ki, Səid Məhəmməd Bokiri Xərrozi İranın "Hizbullah" təşkilatının baş katibidir.
Kontur təklif
Cənab Xərrozi bilməmiş olmaz ki, tarixən İran adlı dövlət olmayıb və bu ərazidə dövlət quranlar türk xalqları, xüsusən də Azərbaycan türkləri olublar. Farsların İranda hakimiyyətə gəlişi 1920-ci illərdən sonra, yəni özünü şah elan etmiş sərhəng Rzanın etdiyi hərbi çevrilişdən sonra baş tutub.
Təsadüfi deyil ki, bu gün İrandakı soydaşlarımızın içində belə bir fikir tez-tez səslənir ki, "İran türk dövlətidir və türklərin tapdanmış dövlətçilik haqqını gec-tez bərpa edəcəyik".
Bu, İrandakı soydaşlarımızın özəl fikirləridir və bu barədə mübahisə etmək niyyətində deyilik. İslam dini də zatən fikir azadlığına dərin və böyük bir hörmətlə yanaşır.
Və iranlı soydaşlarımız öz niyyətlərini gerçəkləşdirməyə başlaya da bilərlər.
Çünki Haqq-Taəla Qurani-Kərimdə buyurur ki, "Mən insanı faili-muxtar", yəni düşüncəsində və əməlində müstəqil yaratdım".
Nadir Qacar
Digər Xəbərlər
2024-12-28 21:32:07
2024-12-28 21:04:54
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00