Əhmədinejada şok hücum
10:51 07-02-2013
CƏMİYYƏT
Əhmədinejada şok hücum
Tehranın sabiq prokuroru isə azad edildi
Qahirədə səfərdə olan İran prezidenti Mahmud Əhmədinejata hücum cəhdi olub. İTAR-TASS-ın verdiyi məlumata görə, Misirin təhlükəsizlik qüvvələri Qahirədəki "Əl Hüseyn" məscidindən çıxan İran prezidentinə hücum edən Suriya vətəndaşını zərərsizləşdiriliblər. O, həbs edilib.
Qeyd edək ki, İran prezidenti son 34 il ərzində ilk dəfə Misirə səfər edib. İranın dövlət başçıları 1979-cu ildən sonra bu ölkəyə səfər etməyiblər. İrandakı inqilabdan və rəsmi Qahirə Qüdslə sülh müqaviləsi bağladıqdan sonra İran və Misir arasında diplomatik əlaqələr faktiki olaraq dayandırılıb.
Dünən İranla bağlı yayılan başqa bir məlumata görə, Tehranın sabiq prokuroru Səid Murtəzəvi azadlığa buraxılıb. İranın Sosial Təminat Təşkilatının sədri olan S. Murtəzavi İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən fevralın
4-də axşam saatlarında işdən çıxıb evə gedərkən həbs edilmişdi.
Prokurorluqdan S. Mürtəzəvinin həbs səbəbi açıqlanmasa da, yerli mətbuat onun İran prezidenti Mahmud Əhmədinejadla parlamentin spikeri Əli Laricani arasında yaranmış siyasi qalmaqal nəticəsində tutulduğunu ehtimal edir.
Qeyd edək ki, S. Mürtəzəvi 2009-cu ilin iyununda İranda Mahmud Əhmədinejadın qələbəsi ilə nəticələnmiş mübahisəli prezident seçkiləri zamanı Kəhrizək həbsxanasında müxalifətçilərə qarşı törədilən cinayətlərdə ittiham olunaraq barəsində cinayət işi açılıb. Hətta 2010-cu ilin yanvarında İran parlamentində Tehranın sabiq prokurorunun Kəhrizək həbsxanasındakı işgəncələrə başçılıq etməsi ilə bağlı hesabat müzakirəyə çıxarılıb.
Sənəddə S. Mürtəzəvinin 2009-cu prezident seçkilərinin nəticələrinə etiraz olaraq keçirilmiş aksiyalarda həbs olunmuş 147 nəfəri Kəhrizək həbsxanasında müxtəlif təzyiqlərə, işgəncələrə məruz qoyduğu qeyd olunub. S. Mürtəzəviyə qarşı bir neçə cinayət işi açılsa da, ancaq İran prezidenti onun məsuliyyətə cəlb olunmasına imkan verməyib. Hətta o, S. Mürtəzəvinin Sosial Təminat İdarəsinin rəhbəri təyin edilməsinə nail olub.
Bu səbəbdən 2013-cü il fevralın 3-də İranın əmək, kooperasiya və ictimai rifah naziri Əbdülrza Şeyxülislam ölkə parlamentində dindirilib. Səsvermə nəticəsində Ə. Şeyxülislamiyə impiçiment elan olunub. İclasa naziri müdafiə etmək məqsədilə qatılan M. Əhmədinejadla spiker Əli Laricani arasında siyasi qalmaqal baş verib. İran prezidenti spikerin qardaşı Fazil Laricani ilə Səid Mürtəzəviyə aid olduğu iddia edilən audioyazını parlamentdə dinlətdirib. Bu da S. Mürtəzəvi məsələsinin yenidən gündəmə gəlməsinə səbəb olub.
Hətta İran prezidenti Mahmud Əhmədinejad Misirə yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında Səid Mürtəzəvinin həbsindən çox narahat olduğunu və təəssüfləndiyini deyib. Hadisədən qəzəblənən prezident bildirib ki, Misirdən qayıdan kimi "belə bir çirkin" məsələnin üstünə düşəcək: "Bu hadisə İrana və məhkəmə sisteminə yaraşmaz. Məhkəmə sistemimiz ailə məhkəməsi deyil. S. Mürtəzəvinin həbs edilməsi çox ayıbdır. Bilmirəm onu nə üçün tutublar? Qanunu biri pozub, amma başqasını həbs ediblər. Halbuki, birinci qanunu pozan tutulmalı idi. Bu adam sadəcə qanun pozuntusu ilə bağlı məlumat verib".
Bu arada o da məlum olub olub ki, İslam Respublikası ilə Ermənistan arasında əlaqələr genişlənməkdə və inkişaf etməkdədir. Bunu erməni rəsmiləri dəfələrlə bəyan edib.
"News.am"ın məlumatına görə, Ermənistanda prezidentliyə namizəd, indiki dövlət başçısı Serj Sarqsyan seçicilərlə görüşdə Tehranla münasibətlərinə də toxunub:"Ermənistan İranla münasibətlərini dərinləşdirməkdə davam edəcək".
Onun sözlərinə görə, Ermənistan beynəlxalq sanksiyalara hörmətlə yanaşır, ancaq imkan daxilində İranla münasibətlər inkişaf ediləcək.
Səmərəli əməkdaşlığa örnək olaraq,o, Araz çayında tikilən Su Elektrik Stansiyasının tikintisindən danışıb: "Öz əllərimizlə bizi oksigenlə təmin edən iki mühüm arteriyadan birini kəsə bilmərik. Bu səfehlik olardı".
Ermənistan prezidenti xatırladıb ki,İranla onları çoxəsrlik münasibətlər birləşdirir.
Xatırladaq ki, İranla Ermənistan Araz çayında iki Su Elektrik Stansiyasının tikintisinə başlayıb. Razılaşmaya əsasən, İslam Respublikasının vəsaitləri hesabına tikilən SES-lərdən biri 15 ildən sonra Ermənistanın mülkiyyəti olacaq.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-12-27 08:58:34
2024-12-27 00:31:47
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44