Sahibkarlığa Kömək Milli Fonduna ağır ittihamlar
13:03 08-02-2013
CƏMİYYƏT
Sahibkarlığa Kömək Milli Fonduna ağır ittihamlar
Kreditlərin verilməsi şəffaf deyil, bərabərlik gözlənilmir, süründürməçiliyə yol verilir
Son vaxtlar mətbuatda tez-tez Sahibkarlığa Kömək Milli Fondunun sahibkarlara kreditlər verilməsi barədə oxuyuruq. İlk baxışda bu proses təqdirəlayiq qəbul edilir, amma yalnız ilk baxışda.
Dərinə getdikdə isə adıçəkilən Fondun fəaliyyəti ilə bağlı ciddi problemlərin olduğu ortaya çıxır. Və bunu biz heç də öz yanımızdan iddia etmirik. İddia müəllifləri ölkənin tanınan, müstəqil iqtisadçı-ekspertləridir.
Belə ekspertlərdən biri Vüqar Bayramovun Sahibkarlığa Kömək Milli Fondunun kredit siyasəti ilə bağlı söylədikləri həm yetərincə düşündürücü, həm də kifayət qədər ittihamedicidir. Ekspert bildirir ki, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlara verilən kreditlərin şəffaflığı, eləcə də kreditlərə əlçatanlıqla bağlı müəyyən problemlər var. O, qeyd edir ki, ən əsas problem kreditlərin verilməsi mexanizminin şəffaf olmamasıdır. "Sahibkarlara Kömək Milli Fondunun əsas vəzifəsi kiçik və orta sahibkarlara güzəştli kreditlərin təklif olunmasıdır. Fondun büdcəsi dövlət büdcəsi vəsaitləri hesabına və eləcədə əvvəllər sahibkara verilən və geri ödənilən kreditlər hesabına formalaşır. İl ərzində fond təxminən 140 milyon manata yaxın vəsaiti sahibkarlara təqdim edir. Baxmayaraq bütövlükdə Sahibkarlara Kömək Milli Fondunun fəaliyyəti, eyni zamanda Azərbaycanda sahibkarlara köməyin təklif edilməsi müsbət haldır, təəssüf ki, heç də bütün sahibkarlar həmin fonddan bərabər kredit ala bilmir. Bəzi hallarda Sahibkarlara Kömək Milli Fondundan 10 min manat almaq istəyən sahibkar illərlə gözləmək məcburiyyətində qalır. Amma qısa zamanda fəaliyyətə başlayan digər sahibkar fonddan bir neçə milyon manat vəsait ala bilir".
Ekspertin sözlərinə görə, bu birmənalı şəkildə fondun vəsaitlərinin bölüşdürülməsində şəffaflıq prinsipinə tam olaraq əməl edilməməsi, eyni zamanda sahibkarlara vəsaitlərə əlçatanlığının aşağı səviyyədə olmasıdır. "Problem vəsaitlərin bölüşdürülməsi ilə bağlı mexanizmin şəffaf olmaması, eyni zamanda həmin prosesi dövlət nəzarəti ilə yanaşı, vətəndaş cəmiyyəti institutlarının, mətbuatın nəzarətinin zəif olmasıdır. Ona görə şəffaflığın olmamağı, nəzarətin zəif olması sahibkarların vəsaitlərə əlçatanlığında problemlər yaradır".
İqtisadçı ekspert hesab edir ki, digər problem məhz sahibkarların müvəkkil banklar tərəfindən tələb olunan sənədləri hazırlanması ilə bağlı bilik və bacarıqlarının aşağı olmasıdır. "Vəsait alınan zaman müvəkkil banklar biznes-plan tələb edir. Sahibkarların bilik və bacarıqları biznes-planı hazırlamağa imkan vermir ki, onlar fondun vəsaitlərini istifadə etməklə bağlı müraciət etsin. Bundan əlavə, sahibkarlar kreditlə təmin olunsa da fondun vəsaitlər üçün müəyyənləşdirdiyi orta illik faiz 6 faizdir. Praktiki olaraq faiz də yüksəkdir. Nəzərə alsaq ki, bu güzəştli kreditdir və bu məhz dövlət büdcəsi hesabına maliyyələşdirilən kreditdir, kommersiya krediti deyil, faiz də yüksəkdir. Faizin yüksək olması da sahibkarların həmin krediti istifadə etməsi ilə bağlı əlçatanlığına mənfi təsir göstərir".
Ekspert onu da bildirir ki, sahibkarların fondun kreditlərindən tam olaraq istifadə edə bilməməsi və əlçatanlığının aşağı olması həm fondun fəaliyyəti ilə bağlıdır: "Eyni zamanda sahibkarların kreditlərdən istifadə ilə bağlı bilik və bacarıqlarının zəif olması ilə əlaqədardır. Apardığımız monitorinqlər, xüsusilə regionlarda sahibkarlar vəsaitlərin bölüşdürülməsi ilə bağlı apardığımız danışıqlarda məhz bu tip problemlərin olması üzə çıxıb".
Göründüyü kimi, ekspert yetərincə əsaslandırılmış və məntiqi formada Sahibkarlığa Kömək Milli Fondunun
fəaliyyətindəki neqativ halları açıb ortaya qoyur. Bu neqativ halları isə belə ümumiləşdirmək olar: kreditlərin verilməsi şəffaf deyil, bərabərlik gözlənilmir, süründürməçiliyə yol verilir. Bütün bunlar isə son nəticədə ona gətirir ki, ölkədə sahibkarlığın inkişafına öz ciddi töhvələrini verməli olan bir Fondun üzərində şübhə buludları əmələ gəlir.
Əlbəttə, Sahibkarlığa Kömək Milli Fondunun səsləndirilən iddialara necə cavab verəcəyi, bu cavabın tənqidlərin özü qədər əsaslandırılmış və məntiqli olub-olmayacağı maraq doğurur. Amma Fond yetkililərinin indiyədək də mətbuatda ara-sıra ünvanlarına səsləndirilən tənqidlərə təpkisiz qalması, ən yaxşı halda ümumi və standart cümlələrlə kifayətlənməsi belə bir cavabı gözləməyi də mənasızlaşdırır.
Hər bir halda ölkənin tanınan iqtisadçı-ekspertlərindən birinin iddialarına səssiz qalmaq doğru olmazdı. Həm də susma hamı tərəfindən razılıq əlaməti kimi qəbul edilirsə...
Azər Aslan
Digər Xəbərlər
2024-12-28 22:07:02
2024-12-28 21:32:07
2024-12-28 21:04:54
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00