Oğru dünyasının gizlinləri
13:04 08-02-2013
CƏMİYYƏT
Oğru dünyasının gizlinləri
Rövşən Lənkaranskinin başına beş miliyon dollar qoyuldu
Moskvada öldürülən məşhur avtoritet Aslan Usoyanın (Ded Xasan) ölümündə günahlandırılan azərbaycanlı Rövşən Canıyevi aradan götürən şəxsə 5 milyon dollar mükafat veriləcək. Bu barədə hüquq mühafizə orqanlarındakı mənbə bildirib. Mənbənin sözlərinə görə, bu yaxınlarda Ded Xasana yaxın "qanuni oğru"ların "sxodka"sı baş tutub.
Görüşdə Dmitri Çanturiya (Miron), Temur Mirzoyev (Timur Sverdlovskiy), Vasili Xristoforov (Vasya Voskres), Qadi Kaloyan (Onik), Valkeri Farizov (Valera Kurd) və avtoritet Sadko iştirak edib. Onlar Rövşən Lənkəranskinin öldürülməsi üçün "büdcədən" 5 milyon dollar ayırmağı qərara alıblar.
Mənbə bildirib ki, Canıyevin ölüm xəbəri tam təsdiqini tapmadığı üçün həmin məbləğ hələ ödənilməyib. Belə ki, Türkiyədəki "qanuni oğrular" belə onun öldürülüb-öldürülməməsini tam dəqiqləşdirə bilməyiblər. Yerli hüquq mühafizə orqanları da məlumatı hələ təsdiqləməyiblər. Ümumiyyətlə maraqlıdır, son iki il ərzində oğru dünyasında nələr baş verir və bu prosesdə Azərbaycan necə görünür?
1995-ci ilin nöqtəsi
Öncəliklə bunu qeyd edək ki, Azərbaycanda zaman-zaman oğru dünyasının liderlərinin böyük təsiri olub və bunların sırasında lotu Bəxtiyar, Kristal Hikmət, Masallı Mamed kimi simalar tək Azərbaycanda yox dünya miqyasında tanınıblar və müəyyən zamanlarda onlar Azərbaycanda baş verən proseslərə təsirdə ediblər. Məsələn, 199-ci illərdə Azərbaycanda çörək qıtlığı yarananda mövcud hakimiyyət çeçen yaraqlılarının müqaviməti səbəbindən ölkəyə un məhsulları gətirə bilmirdilər. İş o yerə çatdı ki, hakimiyyət rəsmiləri qeyri-rəsmi olaraq Lotu Bəxtiyarla təmasa keçdilər və onun müdaxiləsindən sonra Azərbaycan istədiyinə nail ola bildi. Məhz bundan sonra Azərbaycanda qanuni oğrulara hörmət daha da artdı və bunun qarşılığında oğru dünyasının Azərbaycanda təsir imkanları genişləndi. Müxtəlif quruplar şəkilində fəaliyyət göstərən bu birləşmələr Azərbaycanda demək olar hadisələrə təsir etməyə, iş adamlarından haqq toplamağa və həbsxanalara nəzarəti tam ələ keçirtməyə çalışdılar. Bunu da qeyd edək ki, həmin illərdə Azərbaycana Gürcüstandan, Rusiyadan da kifayət qədər tanınmış oğrular yığışıb gəlirdi. Əslində həmin illər Azərbaycan qanuni oğrular üçün əsas mərkəzə çevrilmişdi. Artıq məsələ o həddə qədər şişmişdi ki, nəzarəti saxlamaq mümkün deyildi. Bunu da qeyd edək ki, oğruların aktivləşməsinə təsir edən amillərdən biri də ölkədə müəyyən silahlı quruplaşmaların yuxarılara tabe olmamaları və onlarla birlikdə fəaliyyət göstərməyə çalışmaları idi. Amma artıq zamanı çatmışdı və qanuni oğruları durdurmaq üçün hakimiyyət konkret addımlar atmağa başladı.
Ölkədə qanuni oğru
qalmamalıdır
1995-96-cı illərdə artıq qeyri-rəsmi göstəriş verilmişdi və ölkədə qanuni oğruların yığışdırılması prosesinə start verilmişdi. Əsasən reketçiliklə, haqq toplamaqla, "razborkalar" həyata keçirtməklə, adam oğurluğu ilə məşğul olan bu dəstələrin üzərində ov başladı. Bunu da qeyd edək ki, adam oğurluğu ilə əsasən çeçen oğruları məşğul olurdular. Beləliklə elan edilən müharibə 2 il çəkdi və iki il ərzində davam edən savaş oğruların ölkəni tərk etməsi ilə müşahidə olundu. Həmin vaxt məlum quruplaşmaların bir hissəsi ya ölkəni tərk edərək Ukraynaya getdi, ya da fiziki baxımdan sıradan çıxarıldı. Bununla da problem öz həllini tapdı. Qarşılığında isə azərbaycanlı qanuni oğruların Rusiya və Ukraynada fəaliyyətləri genişlənməyə başladı.
Hazırkı savaşın məntiqi
Bu gün isə Rusiya qanuni oğruların savaş meydanına çevrilib və bu prosesdə azərbaycanlı qanuni oğrularında adı çəkilməkdədir. Artıq azərbaycanlı oğrulardan biri "Ded Xasan"a görə qətlə yetirilib, Rövşən Lənkəranski ilə də bağlı müxtəlif xəbərlər dolaşmaqdadır. Bəs bu gün oğrular arasında nələr baş verir?
1. Əslində müşahidəçilər hesab edir ki, qanuni oğrularda bir nəsl dəyişikliyi baş verir və nəticədə belə qanlı olaylar artır. Yəni klassik qanuni oğrularla müasir qanuni oğrular arasında bir uçurum yaranıb. Klassik qanuni oğruların konkret hədəfləri var idisə,müasir qanuni oğruların hədəfləri və məqsədləri tamam fərqlidir. Məsələn, müasir qanuni oğrular daha çox bizneslə məşğul olmağa, əhatə dairəsini genişləndirməyə çalışırlar. Elə götürək "Ded Xasan"la Rövşən Lənkəranski problemini. Müşahidəçilər bildirir ki, bu savaşın kökündə duran yeganə məsələ daha çox nəzarət paketinə sahiblənmək, daha gəlirli yerlərə investisiya qoymaqla bağlıdır. Dünənə qədər hansısa qanuni oğrunun harasa investisiya qoyduğunu demək gülünc olardı. Bu gün isə qanuni oğrular Rusiyada gəlirli sahələrə, o cümlədən Soçidə ki, olimpiada düşərgəsinə investisiya qoymaq üçün bir-biriləri ilə az qala savaş aparırlar.
2. Hələ on il əvvəl Rusiyada maraqlı bir proses baş verdi. Oğru dünyasına yaxın olan şəxslər gözlənilmədən siyasətə keçid etdilər. Bu günün özündə Rusiya dövlət dumasında elə deputatlar var ki, keçmişdə oğru dünyasının ən etibarlı simaları olmuşdular. Bu gün isə artıq onlar siyasətdə və biznes meydanında güclənməyə başlayıblar. Və onların gücü nə qədər artırsa oğru dünyasının siyasətə meyillənməsi də o qədər artır və nəticədə göz qabağındadır.
3. Ekspertlər bunu da bildirir ki, bu gün oğru dünyasında müharibənin alovlanmasında Rusiya hakimiyyətinin də böyük rolu var. Çünki Rusiya hüquq-mühafizə orqanları oğru dünyasına tam nəzarət edə bilmir və onlarda öz növbələrində Rusiya həyatına daha çox müdaxilə edə bilirlər. Bunun qarşısını almağın ən rahat yolu isə onları üz-üzə qoymaqdır. Məhz belə bir addımın nəticəsidir ki, son iki ildə Rusiyada ondan çox qanuni oğru öldürülüb ki, bunlardan biri də klassik oğru dünyasının simalarından olan azərbaycanlı kristal Hikmətdir. Güman edilir ki, Rusiya güc qüvvələri zaman-zaman belə manevrlər etməklə bir tərəfdən oğru dünyasının liderlərini aradan götürə bilir və bununla onları zəiflədir.Digər tərəfdən isə özlərinə daha yaxın şəxslərin meydana çıxmasına imkan yaradırlar.
4. Dünənə qədər oğru dünyasında vətən və millət anlayışı yox idisə, bu gün artıq bu məsələdə də çatlar əmələ gəlib və hazırda oğru dünyası qafqazlılara və slavyan quruplaşmasına bölünüb. Ekspertlər bildirir ki, bu amilində böyük təsiri var və baş verən son proseslərdən sonra slavyan quruplaşması güclənəcək. Çünki hazırda bir-biri ilə yola getməyən iki qafqazlı quruplaşma üz-üzə durub.
Azərbaycan bu gün?
1995-ci ildən fərqli olaraq artıq Azərbaycanda qanuni oğruların, quruplaşmaların sayı yenə artıb və baş verənlər göstərir ki, durum o qədərdə yaxşı deyil. Bu gün ölkədə silahla baş verən qətllərin sayının həddindən artıq artmasıda bu həyacandan xəbər verir. Bununla yanaşı oğru dünyasının aparıcı simalarının Bakıda toplantılar keçirtməsi də sübut edir ki, artıq onlar təhlükəsiz olaraq ölkəyə gələ bilirlər. Ekspertlər bildirir ki, bunun başlıca səbəblərindən biri də ölkədə biznesin inkişaf etməsi ilə bağlıdır. Yəni ölkədə ciddi pul kütləsi var və oliqarxlar bu pul uğrunda amansız rəqabətə giriblər. Bu rəqabətdə qalib gəlmək istəyənlər isə sözsüz ki, oğru dünyasının imkanlarından yararlanmağa çalışırlar. Ekspertlər bildirir ki, bu səbəbdən ölkədə fəaliyyət göstərən belə quruplaşmalar konkret hansısa oliqarxların nəzarətindədir. Amma bu nəzarət sabah itə bilər və belə olan halda ölkədə ki, kriminogen durum kifayət qədər ağırlaşa bilər. Indinin özündə aydın olur ki, kriminal quruplaşmalar həbsxanalara nəzarəti ələ keçirtmək istəyirlər və bu işdə daha çox Rövşən Lənkəraniski ilə, Lotu Qulinin adı çəkilir. Bundan başqa ekspertlər bildirir ki, oğru dünyası həm də o ölkədə aktivləşir ki, həmin ölkədə siyasi proseslər aktivləşir və gərginlik artmağa başlayır. Belə bölgələr oğru dünyasının maraqlarına cavab verir və bu səbəbdən son bir ildə onların Azərbaycana axını diqqəti cəlb edir. Xatırladaq ki, ölkədə prezident seçkiləri olacaq və bu səbəbədən siyasi aktivlik kifayət qədər artıb.
Nəticə
Bu gün cəmiyyətdə qanuni oğrulara, oğru dünyasına diqqəti cəlb etmədən yaranan rəğbət kifayət qədər təhlükəlidir və artıq bunun bəzi fəsadlarını görürük. Məsələn, 18-35 yaş arası gənclər oğru dünyasına can atır, adi məişət problemini bəzən qanla həll edərək ağır cinayətlərin törədilməsində həvəsli olurlar. Digər tərəfdən bu gün gənclər bu mühitə yaxın olmaq üçün də müəyyən anlarda cəhdlər edirlər ki, bunun da nəticəsi o qədər də yaxşı olmayacaq. Bəs belə olan halda nələr etmək mümkündür? Qeyd edək ki, son on il ərzində possovet məkanında olan qanuni oğruların böyük bir hissəsi gürcüstan vətəndaşlarıdır və bir zamanlar onlar Gürcüstanda ciddi problemlərin yaradılmasında, hətta siyasi qətillərin təşkilində də iştirak edirdilər. Hətta belə fikirlər səsləndirilirdi ki, Gürcüstanın siyasi hakimiyyəti qanuni oğruların təsir dairəsindən çıxa bilmir. Amma Gürcüstanın hazırkı prezidenti Saakaşvili hakimiyyətə gələn kimi həyata keçirtdiyi islahatlardan biri bu məsələ ilə bağlı oldu. Parlament yeni qanun qəbul etdi və qanunda göstərilirdi ki, kim özünü qanuni oğru hesab edirsə artıq o cinayətkar kimi tanınmalı və həbs olunmalıdır. Məhz bu qanundan sonra Gürcüstanda azadlıqda bir dənə də olsa qanuni oğru qalmadı. Hətta "Ded xasan"ın Gürcüstanda dəfni də məhz bu qanuna görə mümkünsüz oldu. Ekspertlər bildirir ki, belə bir nümunədən Azərbaycanda istifadə edə bilər və lazımi nəticələr əldə edilə bilər.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-28 22:07:02
2024-12-28 21:32:07
2024-12-28 21:04:54
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00