"Bəlkə, köçüb Hollandiyaya gedək?"
13:06 08-02-2013
CƏMİYYƏT
"Bəlkə, köçüb Hollandiyaya gedək?"
Elçin Behbudov: "Mədət Quliyev rəis təyin ediləndən həbsxanalarda monitorinqlər keçirtməsinə qətiyyən imkan verilmir"
Ölkənin həbsxanalarındakı vəziyyəti azdan-çoxdan təsəvvür etmək hər birimizə mümkündür. Ona görə ki, taleyin oyunu ilə bu həbsxanalarda məskunlaşanların güzəranını və "yatdıqları" müddətdə məruz qaldıqları olayları ya ondan-bundan eşitmişik, ya da kitablardan oxumuşuq. Və konkret şəkildə bilirik ki, bu "əmək-islah müəssisələri" dustaqları islah etmək əvəzinə daha da qəddarlaşdırır və onlar azadlığa buraxılanda cəmiyyətə sanki qisasçı kimi qayıdırlar.
Və yeri gəlmişkən, bu, təkcə Azərbaycanın problemi deyil. Dünyanın bütün həbsxanaları, sadəcə, residivistlər yetişdirməklə məşğuldur.
Bu da etiraf edilməlidir ki, hələ ki insanoğlu cinayətkarları "tərbiyələndirmək" üçün daha səmərəli üsullar tapa bilməyib. Necə deyərlər, planetdəki insanın şüur səviyyəsi bura qədər yetişə bilib.
Bununla belə, qeyd edilməlidir ki, Avropa ölkələri bu baxımdan xeyli irəliləyiş əldə edib.
Yadımdadır, yenidənqurmanın ilk illərində sovet mətbuatında Hollandiya həbsxanaları barədə materiallar oxuyanda zarafatla rəhmətlik atama dedim: "Bəlkə, köçüb Hollandiyaya gedək? Oradakı həbsxanada yaşamaq buradakı yaşayışdan yaxşıdır..."
Nə isə...
Azərbaycanın ədliyyə sistemi Avropa qurumları ilə əməkdaşlıq çərçivəsində keçirdiyi növbəti tədbir Avropa Şurası və Avropa İttifaqının "Pis rəftar və cəzasızlıqla mübarizənin gücləndirilməsi" adlanır. Tədbirdə Avropa Şurasının Azərbaycan nümayəndəliyinin rəhbəri vəzifəsini icra edən Teymur Məlikaslanov keçirilən tədbirlər sayəsində bu qurumun Penitensiar xidmətlə əməkdaşlığının səmərəliliyinin artdığını bildirib.
İşgəncələrə qarşı Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudovun "Unkal"a söylədiyinə görə, "Azərbaycan 1996-cı ildən BMT-nin, 2002-ci ildən isə Avropa Şurasının "İşgəncələrə qarşı konvensiya"sına qoşulub və bu beynəlxalq sənədi imzalayıb. Azərbaycan dövləti bu sənədi imzalayıbsa, onun müddəalarına əməl etməlidir. Yəni istintaq və həbs müddətində dustaqlara qarşı fiziki təzyiq formalarından istifadə edilməməlidir. Amma çox təəssüf ki, reallıqda belə deyil. Yenə də istintaq dövründə və o cümlədən cəzaçəkmə müddətində təzyiqlərdən və pis rəftardan geniş şəkildə istifadə edilir".
Elçin Behbudovun verdiyi məlumata görə, "Təkcə 2012-ci ildə 141 nəfər İşgəncəyə qarşı Azərbaycan Kopmitəsinə müraciət edərək istintaq vaxtı fiziki işgəncəyə məruz qalmaları barədə məlumat veriblər. Biz Komitə olaraq müvafiq dövlət qurumlarına bu barədə rəsmi şəkildə müraciət etsək də, aldığımız rəsmi cavablar bu olub ki, "Barəsində yazdığınız fakt təsdiqlənməyib və real əsası yoxdur". Qeyd etdiyim işgəncə faktları nəticəsində ötən il dörd nəfər dünyasını dəyişib. Onlara o qədər işgəncə verilib ki, sağlamlıqları tamamilə sarsılıb və ölüblər. Biz bu barədə də Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinə sorğu göndərdik, lakin cavab yenə də standart və təkzib ruhunda oldu: "Belə bir şey olmayıb".
Hüquq müdafiəçisinin sözlərinə görə, "General Mədət Quliyev Pentensiar Xidmətə rəhbər təyin ediləndən sonra bu qurumda vəziyyət daha da gərginləşib və onun gəlişindən sonra bizim komitənin həbsxanalarda monitorinqlər keçirtməsinə qətiyyən imkan verilmir. Bizim komitənin Səhiyyə, Daxili İşlər, Milli Təhlükəsizlik Nazirlikləri ilə normal işgüzar münasibətlərimiz formalaşıb. Amma eyni xoş sözü Ədliyyə Nazirliyi barədə deyə bilməyəcəyəm. Bu nazirlik bizim bütün müraciətlərimizə ya cavab vermir, ya da məlum faktları təkzib eləməklə məşğul olur. Əgər Azərbaycan beynəlxalq konvensiyaların şərtlərinə riayət edəcəyi barədə öhdəlik götürübsə, həmin müddəalara qeydsiz-şərtsiz əməl edilməlidir. Lakin Ədliyyə Nazirliyi reallıqda bunu qəbul etmək istəmir. Bizə deyirlər ki, Azərbaycanın beynəlxalq imicini qorumaq lazımdır. Biz onları başa düşürük və biz də bu ölkənin vətəndaşlarıyıq. Amma hesab edirik ki, işgəncə faktlarını gizlətməklə deyil, məmurları dövlətçilik əxlaqında tərbiyə etməklə Azərbaycanın imicini yüksəltmək mümkündür".
Hüquq müdafiəçisi bildirir ki, "Heç Avropa ölkələrində də vəziyyət bu baxımdan yaxşı deyil və oradakı həbsxanalarda da işgəncə halları tez-tez qeydə alınır. Amma bu o demək deyil ki, biz özümüzə haqq qazandırıb işgəncələri davam etdirməliyik".
Şakir Əliyev
Digər Xəbərlər
2024-12-29 12:35:05
2024-12-29 12:33:09
2024-12-29 12:33:05
2024-12-29 12:28:00
2024-12-29 12:26:08
2024-12-29 12:20:01
2024-12-29 12:12:12
2024-12-29 11:48:00
2024-12-29 11:32:57
2024-12-29 11:32:55
2024-12-29 11:12:00
2024-12-29 11:05:37
2024-12-29 10:53:00
2024-12-29 10:51:43
2024-12-29 10:41:35