Avropa Şurası Parlament Assambleyası (AŞPA) "Siyasi və ictimai qərar qəbuletmədə az təmsil olunan qruplara məxsus olan qadınların iştiraklarının yaxşılaşdırılması" adlı qətnamə qəbul edib.
Unikal.org xəbər verir ki, sənəddə son on ildə siyasi və ictimai qərar qəbuletmədə qadınların sayının artdığı bildirilir:
"Bununla belə, gənc, əlil qadınların və müxtəlif digər az təmsil olunan qruplara məxsus olan qadınların idarəetmədə iştirakları üçün imkanlar məhdud olaraq qalıb. Onlar ayrı-seçkilik, zorakılıq riski, siyasi partiyaların tərkibində məhdudiyyətlər, cəmiyyətdəki təzyiqlər, səhiyyə sistemində olan ayrı-seçkilik və digər bu kimi maneələrlə qarşılaşırlar. Kvotalar, təkmilləşdirmə kursları, müxtəlif investisiyalar, namizədlərin seçilməsi zamanı görülən tədbirlər və digər bu kimi tədbirlər görməklə qadınların iştirakını artırmaq mümkündür".
Qətnamədə az təmsil olunan qadınların siyasi və ictimai qərar qəbuletmədə iştiraklarının artırılmasının davamlı müsbət nəticələrinə də toxunulur:
"Onların yaxından iştirakları əhali ilə qərar qəbuletmədəki şəxsləri bir-birinə yaxınlaşdıra bilər. Avropa siyasətinin Avropa cəmiyyətindəki müxtəlifliyi əks etdirməsinin və bərabərlik naminə daha qəti addımlar atmağın vaxtı yetişib" (report).