Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 68 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Unikal.org Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumilikdə, ötən sutka ərzində 5 nəfər xilas edilib. Həmçinin, Şəmkir rayonunda “QAZel” markalı yük avtomobili ilə “QAZ” markalı minik avtomobilinin toqquşması nəticəsində minik avtomobilində sıxılı vəziyyətdə qalan 1989-cu il təvəllüdlü Məmmədov Ramin Zakir oğlunun və 1983-cü il təvəllüdlü Əliyev Aydın Valeh oğlunun meyitləri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.