2021/2022-ci il mövsümündə ölkəmizi avrokuboklarda təmsil edən futbol klublarımızın potensial rəqibləri müəyyənləşib.
Unikal.org xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Bildirilib ki, Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Yunanıstan çempionu “Olimpiakos”la qarşılaşacaq “Neftçi” rəqibini mübarizədən kənarlaşdıracağı təqdirdə, növbəti mərhələdə “Mura” (Sloveniya) - “Lüdoqorets” (Bolqarıstan) cütünün qalibi ilə qarşılaşacaq.
Təmsilçimiz ilk oyununu evdə keçirəcək. Bu mərhələnin ilk oyunları avqustun 3-4-də, cavab qarşılaşmaları isə avqustun 10-da keçiriləcək. Təmsilçimiz “Olimpiakos”la mübarizədən məğlub ayrılacağı halda, çıxışını Avropa Liqasında davam etdirəcək.
Avropa Liqasının üçüncü təsnifat mərhələsində isə "Malmö" (İsveç) - HİK (Finlandiya) cütünün məğlubu ilə qarşılaşacaq. Bu mərhələnin matçları avqustun 5-12-də oynanılacaq.
UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsindən mübarizəyə başlayan təmsilçilərimizin də növbəti – üçüncü təsnifat mərhələsində qarşılaşacağı potensial rəqibləri məlum olub.
“Qarabağ” – “Aşdod” (İsrail) cütünün qalibi AEL (Kipr) – “Vlajnia” (Albaniya) cütünün, “Çukariçki” (Serbiya) – “Sumqayıt” cütünün qalibi “Hammarbü” (İsveç) – “Maribor” (Sloveniya) cütünün, “Soçi” (Rusiya) - “Keşlə” cütünün qalibi isə “Partizan” (Serbiya) – “Dunayska Ştreda” (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq.
Təmsilçilərimiz növbəti mərhələyə vəsiqə qazanarsa, “Sumqayıt”la “Keşlə” ilk oyununu evdə, “Qarabağ” isə səfərdə keçirəcək.
Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin oyunları avqustun 5-12-də keçiriləcək.