Yaponiya paytaxtında “Tokio-2020” Yay Olimpiya Oyunları çərçivəsində ilk yarışlar keçirilib.
Unikal.org xəbər verir ki, softbol üzrə Yaponiyanın qadınlardan ibarət komandası Fukuşima stadionunda Avstraliya yığmasını 8:1 hesabı ilə məğlub edib. Qeyd edək ki, Olimpiya Oyunlarının rəsmi açılış mərasimi iyulun 23-də keçiriləcək. Ənənəvi olaraq, bir sıra yarışlar Oyunların rəsmi açılışından əvvəl başlayır.
Softbol 1996-cı ildən 2008-ci ilədək Olimpiya Oyunlarının proqramına daxil edilib. Bu idman növü üzrə ABŞ komandası üç, Yaponiya yığması isə bir dəfə qızıl medal qazanıb. Softbol 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının proqramına salınmayacaq.
“Tokio-2020”nin softbol yarışında altı komanda – Avstraliya, Kanada, İtaliya, Meksika, ABŞ və Yaponiya yığmaları iştirak edir. Dairəvi sistem üzrə keçiriləcək yarışın sonunda birinci və ikinci yerləri tutacaq komandalar qızıl, üçüncü və dördüncü yerlərdə qərarlaşacaq komandalar isə bürünc medallar uğrunda mübarizə aparacaqlar.
Softbol üzrə ikinci oyunda ABŞ komandası İtaliyanı 2:0 hesabı ilə məğlub edib. Günün sonuncu – üçüncü görüşündə isə Meksika və Kanada komandaları qarşılaşacaqlar. İdmanın bu növü üzrə yarışlara iyulun 27-də yekun vurulacaq.
Bu gün qadınlar arasında futbol yarışına start veriləcək. Gün ərzində altı görüş keçiriləcək: Böyük Britaniya – Çili, Çin – Braziliya, İsveç – ABŞ, Yaponiya – Kanada, Zambiya – Niderland və Avstraliya – Yeni Zelandiya. Qadınlar arasında futbol yarışı avqustun 7-də başa çatacaq.
Qeyd edək ki, Tokioda 2020-ci ilin yayında keçirilməli olan XXXII Yay Olimpiya və XVI Paralimpiya oyunları koronavirus pandemiyası ilə əlaqədar bu ilə təxirə salınıb. Olimpiya Oyunlarının rəsmi açılış mərasimi iyulun 23-də keçiriləcək. Olimpiadaya avqustun 8-də yekun vurulacaq. Paralimpiya Oyunları isə avqustun 24-dən sentyabrın 5-dək keçiriləcək.
Azərbaycan XXXII Yay Olimpiya Oyunlarına 44 idmançı ilə qatılıb.